Ölüm yatagında "Xocalı şərqisi" yazan qadın hərbçi

Ölüm yatagında "Xocalı şərqisi" yazan qadın hərbçi
Bu gün Azərbaycan ordusunun günüdür. Əslində ordu günü deyəndə hər kəsin gözünün önünə mərd, əzəmətli, qorxmaz, hərbi geyimdə bir az da qaşları çatılmış Azərbaycan kişisi gəlir. Azərbaycan kişisi əsgər gedir, ordumuzda xidmət edir, döyüşür şəhid olur...

Bu gün Qarabag savaşında canını fəda etmiş bir nəfərdən bəhs edəcəm... Məncə o, ordumuzun zərif mələyi idi. Söhbət Qarabağ müharibəsinin ilk günlərindən həkim-cərrah olaraq ermənilərlə döyüşlərdə yaralanmış yüzlərcə, bəlkə də minlərcə əsgərimizi ölümdən qurtaran, birinci dərəcəli tibb xidməti kapitanı, "Azərbaycan bayrağı" ordenli Məleykə Əhmədovadan gedir. Onun taleyi qəribə idi. O həm şəhid bacısı idi, həmdə şəhid bacıdır. Məleykə Ermənistanın Loru mahalının Allahverdi (Tumanyan) rayonunda anadan olmuşdu. Taleyində köçkünlük yazısı da var. Bəlkə onu bu taleyi savaş meydanına atdı, bəlkə də şəhid qardaşı Kamandarın qisasını almaq istəyirdi. Amma mənim bu bəlkələr içində bir həqiqətim var. O vətənpərvər idi, o torpağını sevirdi, o torpağının qisasın alırdı.

1992-ci il il fevral ayının 17-dən Azərbaycan Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmətə başlayıb. Amma ondan öncə Məleykə müharibə veteranıdır. O Qarabağ savaşında ağır döyüş yolu keçib. Minlərlə yaralını xilas edib, qucağında yüzlərlə əsgər şəhid olub...

...Araşdırıram rəhmətlik anası Sona xanımın qəzetlərə verdiyi müsahibələrdən birinə rast gəlirəm. "Bir gün Məleykə işdən gələndə baxdım ki, rəngi qaralıb. Nə olduğunu soruşanda cavab verdi ki, küçədə qəfil kürəyindən şiddətli ağrılar tutub və dözməyərək bayılıb. Yaxşı ki, yanında leytenant rütbəli həmkarı olub, kömək edib, yerdən qaldırıb. Səhəri həkimə getdi və bununla da onun məğrur həyatı ağır xəstəliklə mübarizəyə başladı. İlk dəfə 8, ikinci dəfə isə 6 ay müalicə olundu. Ürəyinə dammışdı ki, öləcək. Həmişə də mənə deyirdi ki, ana, bədənim soyuyur, əllərim boşalır. O, həkim idi, başa düşürdü ki, ölümünə az qalıb"...

Savaşda aldığı mənəvi, pisxoloji zərbələrdən elə yara almışdı ki, sağalmaz xəstəliyə tutulmuşdu. Hərbiçi qadın...Güclü səslənir. Amma o hərbiçinin içində zərif, həssas bir mələk vardı. Amma ölüm yatağında da içindəki o zərif qadını hiss etdirmədi. Əslində həkim idi o hər kəsdən, onun üzünə gülən "sağalacaqsan" deyərək təsəlli verən bütün yaxınlarından daha yaxşı bilirdi ki bu yataqdan yol məzar evinədir. Amma 1 il xəstə yatağında da özünə kimsəyi acındırmadı....

....Hər kəs çəkiləndə yazırdı... Və bir gün dolabının üzərinə kağız parçaları buraxdı. Məleykə ölüm yatağında "Xocalı şərqisini" yazmışdı. Bu onun son əsəri həyatının son şərqisi oldu. Əslində yazını uzatmağa da dəyməz. Ölüm yatağında Xocalı şərqisi yazan hərbiçi üçün bütün təntənəli fikirlər sönük qalır... Bu gün onun günüdür. Ordu günün mübarək!

Bütün xəbərlər Facebook səhifəmizdə