İlham Əliyev: "Ordumuz nə qədər güclü olsa, danışıqlar prosesində mövqeyimiz o qədər güclənər"

İlham Əliyev: "Ordumuz nə qədər güclü olsa, danışıqlar prosesində mövqeyimiz o qədər güclənər"

Azərbaycan Prezidenti cəbhə xəttindəki son hadisələrdən danışdı


1993-cü ildən Azərbaycanda ordu quruculuğu prosesi başlayıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2012-ci il buraxılışına həsr olunmuş təntənəli mərasimdə deyib. Onun sözlərinə görə, bu proses bu gün də davam etdirilir: "Bu illər ərzində Azərbaycanda nizami ordu yaradılmışdır, ordu güclənib. Azərbaycan Ordusu artıq nəinki bölgədə, dünya miqyasında güclü orduların sırasındadır. Ordumuzun maddi-texniki bazası böyük dərəcədə möhkəmləndirilib. Hərbi xərclər ildən-ilə artır. Azərbaycanın dövlət büdcəsində hərbi xərclər birinci yerdədir. Bu da təbiidir. Bu, belə də olmalıdır. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Atəşkəs rejimi var. Ancaq sülh müqaviləsi imzalanmayıb. Müharibə şəraitində yaşayan ölkədə birinci növbədə ordu məsələlərinə diqqət göstərilməlidir və Azərbaycanda bu, belədir".


Dövlət başçısı bildirib ki, son bir neçə il ərzində Azərbaycanın hərbi xərcləri 20 dəfədən çox artıb və hazırda bu xərclər 3,6 milyard dollar səviyyəsindədir: "Bu da Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur. Əlbəttə, bu reallıqları bizim uğurlu iqtisadi siyasətimiz, iqtisadi islahatlarımız yaradıb. Ordu xərcləri bundan sonra da artacaq. Bu, əlbəttə ki, ordumuzun gücləndirilməsinə böyük dəstəkdir. Ancaq bununla bərabər, mən çox şadam ki, ordumuzun döyüş qabiliyyəti artır. Orduda xidmət edənlərin arasında vətənpərvərlik duyğuları çox yüksək səviyyədədir. Biz peşəkar ordu yaradırıq. Əminəm ki, həm maddi-texniki təminat, iqtisadi qüdrətimiz, hərbçilərin hazırlanması, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi - bütün bu amillər bizi müqəddəs məqsədə çatdıracaq".


Prezident İlham Əliyevin sözlərinə görə, orduya diqqət təkcə bu amillərlə məhdudlaşmır: "Azərbaycan dövləti hərbçilərin məişət problemlərinin həlli üçün də lazımi addımlar atır. Keçən il hərbçilərin əmək haqları 25 faiz artırılıb. Bir neçə gün bundan əvvəl 312 mənzildən ibarət iki yaşayış binası hərbçilərin sərəncamına verilib. Hazırda yüzlərlə yeni mənzil tikilir. Keçən ilin sonunda mənim Sərəncamımla orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət vəsaiti hesabına mənzillərin verilməsi də nəzərdə tutulub. Artıq sənədlərin qəbulu prosesi başlayıb. Bu da Azərbaycan dövlətinin öz ordusuna, hərbçisinə olan diqqətinin təzahürüdür. Bir sözlə, orduya diqqət Azərbaycan dövlətinin prioritetidir. Mən çox şadam ki, cəmiyyət də bu təşəbbüsləri alqışlayır. Bizim ordumuz bizim qürurumuzdur. Bizim ordumuz müstəqilliyimizi şərtləndirən amildir. Biz bundan sonra da orduya, ordu quruculuğuna, hərbçilərə olan diqqəti artıracağıq, bu diqqəti göstərəcəyik".


Dövlət başçısı bildirib ki, hazırda Azərbaycan həm öz gücünü artırır, həm də danışıqlar prosesində iştirak edir: "Mən tam əminəm ki, ordumuz nə qədər güclü olsa, danışıqlar prosesində mövqeyimiz o qədər güclənər. Bu iki amil arasında birbaşa bağlantı vardır. Biz danışıqlarda prinsipial mövqeyimizi göstəririk. Bu mövqedən bir addım geri atmayacağıq. Bununla bərabər, son illər ərzində biz böyük dərəcədə güclənə bilmişik. Əgər bir neçə il bundan əvvəl həm hərbi, həm iqtisadi sahədə Ermənistan ilə Azərbaycan arasında demək olar ki, paritet var idisə, artıq bu pariteti biz dağıtdıq. Azərbaycan iqtisadi cəhətdən Ermənistandan 10 dəfə güclü ölkədir. Dövlət büdcəmiz 10 dəfədən çoxdur. Hərbi xərclər 10 dəfədən çoxdur. Azərbaycanda demoqrafik vəziyyət müsbətdir. Azərbaycan öz hesabına yaşayan ölkədir. Böyük ehtiyatlarımız, insan resurslarımız var. Güclü sənayemiz, güclü ordumuz var. Özümüz öz siyasətimizi müəyyən edirik, müstəqil siyasət aparırıq, Azərbaycan xalqının iradəsinə arxalanırıq. Getdikcə iki ölkə arasındakı uçurum daha da dərinləşir və dərinləşəcək. Mən əminəm ki, bütün bu amillərin nəticəsində biz istəyimizə nail olacağıq, ədaləti, Azərbaycanın suverenliyini bərpa edəcəyik. Bunu etmək üçün biz daha da güclü olmalıyıq".


"Əfsuslar olsun ki, beynəlxalq hüquq normaları dünyada pozulur", - deyən İlham Əliyev bəyan edib ki, Azərbaycan bütün dövrlərdə beynəlxalq hüquqa əsaslanıb: "Bu gün də bu münaqişənin həlli üçün əsas beynəlxalq hüquq normalarıdır. Beynəlxalq hüquq normaları Azərbaycanın mövqeyini dəstəkləyir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycanın tarixi hissəsidir. Hüquqi cəhətdən Azərbaycanın tərkib hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Qondarma Dağlıq Qarabağın müstəqilliyini heç kim tanımayıb. Beləliklə, beynəlxalq hüquq baxımından Azərbaycanın mövqeləri çox möhkəmdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan işğalçı qüvvələrinin bizim torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Digər beynəlxalq təşkilatların oxşar qərar və qətnamələri var. Yəni, hüquqi cəhətdən məsələ tam aydındır. Ancaq əfsuslar olsun ki, müasir dünyada beynəlxalq hüquq normaları pozulur. Biz bu mənzərəni görürük. Bu pozuntular getdikcə daha da geniş vüsət alır. Belə olan halda, əlbəttə, biz də görürük ki, güclü olmasan sənin hüquqların tapdanacaq. Biz bu güclənmə prosesini, o cümlədən hərbi potensialımızın gücləndirilməsini artıq bir neçə ildir ki, uğurla aparırıq. Bəzi hallarda belə bəyanatlar səslənir ki, nə üçün Azərbaycan öz hərbi potensialını gücləndirir? Bu, bölgədə təhlükə yarada bilər. Buna müəyyən şərhlər də verilir. Ancaq mən tam əminəm ki, bu gün Azərbaycan bölgədə sabitləşdirici amildir. Azərbaycanın güclü ordusu bölgədə sabitliyin keşiyində dayanır. Bizim güclü ordumuz bizim suveren işimizdir. Heç kim bizə heç bir məsləhət verə bilməz. Bizim hərbi xərclərimiz ümumi daxili məhsulda o qədər də böyük faiz təşkil etmir. Sadəcə olaraq, bizim ümumi iqtisadi inkişafımız çox sürətlidir. Dünyada analoqu olmayan inkişafdır. Azərbaycan son illər ərzində dünyada iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkədir. Beləliklə, bütün başqa sahələrə olduğu kimi, hərbi məsələlərə də diqqət göstərilir".


Prezident İlham Əliyev cəbhə xəttində baş verən son hadisələrə də münasibət bildirib: "Ermənistanın bütün təxribatlarının qarşısı alındı. İşğalçı qüvvələr layiqli cavablarını aldılar. Azərbaycan əsgəri, Azərbaycan zabiti öz qəhrəmanlığını göstərdi və işğalçını yerinə oturtdu. Artıq dünya birliyi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ölkələr də, əminəm, daha çox dərk edirlər ki, Ermənistan Azərbaycanın qarşısında dayana bilməyəcək. Bizim artan siyasi çəkimiz, iqtisadi potensialımız, hərbi gücümüz, bölgədəki rolumuz, artan əhalimiz məsələnin ədalətli həllinə gətirib çıxaracaq. Sadəcə olaraq biz hələ ümid edirik ki, bu məsələ öz həllini danışıqlar yolu ilə tapar. Çünki ümid edirik ki, nə vaxtsa Ermənistan rəhbərliyində normal fikirdə olan insanlar təmsil olunsun və onlar dərk etsinlər ki, münaqişənin uzadılması Ermənistanın ziyanınadır. Vaxt uzatmaqla Ermənistan heç nəyi əldə etmir. İşğal edilmiş torpaqlar ölü torpaqlardır. Orada heç bir həyat yoxdur. İşğal dünya birliyi tərəfindən heç vaxt qəbul edilə bilməz. Azərbaycan dövləti və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaqdır. Biz heç vaxt sakitləşməyəcəyik. Bizim üçün - həm dövlət, həm xalq üçün bir nömrəli məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllidir, Azərbaycan vətəndaşlarının işğal edilmiş torpaqlara qayıtmasıdır. Məsələ uzandıqca sadəcə olaraq Ermənistan ilə Azərbaycan arasındakı güclər nisbəti bizim xeyrimizə daha da çox dəyişir. Bir daha demək istəyirəm ki, 10 il bundan əvvəl müəyyən dərəcədə tarazlıq var idi. İndi bu tarazlıqdan əsər-əlamət də qalmayıb. Növbəti illərdə Azərbaycan yalnız və yalnız güclənəcək. Çünki biz perspektivlərimizi yaxşı bilirik. Biz gələcəyimizi özümüz yaradırıq. Bizim gələcəyimiz Azərbaycan xalqının zəhməti hesabına yaranır. Biz yaxşı bilirik ki, güc baxımından Ermənistan bizim qarşımızda heç vaxt davam gətirə bilməz. Sadəcə olaraq, biz hələ ki, çalışırıq, məsələ dinc yolla, danışıqlar yolu ilə həll edilsin. Ancaq məsələnin həlli beynəlxalq hüquqdan keçir. Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ hüquqi cəhətdən də Azərbaycanın ayrılmaz hissəsi kimi dünya birliyi tərəfindən qəbul edilir. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır. Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar".


"Mən hərbi hissələrdə tez-tez oluram. Cəbhə xəttində də tez-tez oluram. Döyüşçülərlə səngərlərdə görüşürəm, söhbət aparıram. Görürəm ki, həqiqətən Azərbaycan əsgərinin Vətənə çox böyük bağlılığı var. Vətən sevgisi, vətənpərvərlik ruhu bizdə çox yüksəkdir. Əminəm ki, dediyim bütün bu amillər - bizim siyasi gücümüz, iqtisadi inkişafımız, hərbi gücümüz, Vətənə olan sevgimiz məsələnin həllinə gətirib çıxaracaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, Azərbaycan bayrağı Şuşada, Xankəndidə, Dağlıq Qarabağda dalğalanacaq", - dövlət başçısı bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə