Bu gün Beynəlxalq Muğam Mərkəzində Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Azərbaycan hökuməti tərəfindən birgə təşkil olunub.
Tədbirin iştirakçıları öncə Beynəlxalq Muğam Mərkəzinin foyesində qaçqın və məcburi köçkünlərin acı həyatını əks etdirən fotostendə baxıblar.
Tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edib. Komitə sədri deyib ki, BMT Baş Assambleyasının 20 iyunu Qaçqınlar Günü elan etməsinin məqsədi bu problemi dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır: "Mən uzun illər bu problemlə məşğul olan şəxs kimi belə hesab edirəm ki, bu, dünyanın ən ağrılı problemlərindən biridir. Çox təəssüflər olsun ki, konflikt zonalarının sayı və onun qurbanlarının sayı ilbəil artır".
Hazırda dünyada 42 milyondan artıq qaçqın və məcburi köçkünün olduğunu deyən Ə.Həsənov bildirib ki, bunların 15,2 milyonu qaçqın, 26,4 milyonu məcburi köçkün, 895 min nəfəri isə sığınacaq axtaranlardır: "Təəssüflər olsun ki, beynəlxalq aləmdə məcburi köçkünlərin statusunu müəyyənləşdirən nə qaydalar, nə konvensiyalar var. Hesab edirik ki, məcburi köçkünlərin statusu, onların hüququnu müəyyənləşdirən qaydaların qəbulu vaxtı yetişib".
Qərb dövlətlərini Ermənistanın hazırkı və bundan əvvəlki dövlət rəhbərlərinə qarşı müvafiq sanksiyalar qəbul etməyə çağıran Komitə sədri: "Köçəryan və Sərkisyan Azərbaycan torpaqlarının işğalına, Xocalı soyqırımının törədilməsinə, insanların deportasiyasına rəhbərlik ediblər. Onda sual olunur: bu insanlara qarşı niyə eyni sanksiyalar tətbiq olunmur? Əgər sanksiya tətbiq etmək obyektivdirsə, hamısına tətbiq olunmalıdır", - deyə bildirib.
Daha sonra tədbirdə BMT-nin xoşməramlı səfiri, aktrisa Ancelina Coulinin video müraciəti nümayiş etdirilib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin rəhbəri Daq Siqurdson çıxış edərək bildirib ki, qaçqınlar günü dünyanın bütün ölkələrində qeyd olunur. Ötən 20 ildə Azərbaycan hökumətinin gördüyü işlərdən danışan D.Siqurdson bildirib ki, çadır şəhərcikləri ləğv olunsa da, 400 mindən artıq məcburi köçkün çətin şəraitdə yaşayır.
Tədbir çərçivəsində Azərbaycanda yaşayan qaçqınların əl işlərindən ibarət satış sərgisi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB