Məcburi köçkün uşaq komitələri və dövlət qurumları arasında əməkdaşlığa dair konfrans keçirilib
Bakıda Danimarka Qaçqınlar Şurası, "Həyat" beynəlxalq humanitar təşkilatı və Gənc Hüquqşunaslar Birliyi məcburi köçkün uşaq komitələri və dövlət qurumları arasında əməkdaşlığın perspektivlərinə həsr olunmuş konfrans keçirib. SİA-nın məlumatına görə, tədbirdə müxtəlif QHT-lərin, hökumət strukturlarının nümayəndələri, deputatlar iştirak edib. Danimarka Qaçqınlar Şurasının Azərbaycan nümayəndəliyinin rəhbəri Boyan Kolundziya rəhbərlik etdiyi təşkilatın Azərbaycandakı fəaliyyəti barədə məlumat verib.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxışında deyib ki, erməni millətinin genində başqa dövlətlərin sərvətlərinə, torpağına göz dikmək var: "Köçəryanlar, Sərkisyanlar Azərbaycan dövlətini təxribatlarla qorxuda bilməz. Azərbaycan prezidenti səbir nümayiş etdirir, dünya ictimaiyyəti ilə hesablaşır. Ermənistan isə artıq təklənib, onu himayə edən dövlətlər, qüvvələr də yorulub. Ermənistanı bizim torpaqlarımızda çar Rusiyası, sonra da Sovet Rusiyası formalaşdırıb. Erməni lobbisi də artıq Ermənistan dövlətini saxlamaqdan yorulub". O bildirib ki, Azərbaycan dünyanın tələblərinə uyğun yaşayan bir dövlətdir: "Azərbaycan prezidenti mütləq bu problemin həllinə nail olacaq. Ölkəmizdə qalan yeganə problem budur. Azərbaycan iqtisadiyyatı inkişaf edir, mədəniyyət sahəsində uğurlarımız ortadadır. İqtisadiyyatın neftdən asılılığı azaldılır. Yaxın illərdə Azərbaycanda bir yoxsul insan qalmayacaq. Bu xalq torpaqlarını faşist ermənilərdən azad edəcək, o torpaqlarımıza qayıdacağıq. Ona görə də bu gün qaçqın uşaqların fikirləri öyrənilir, bununla bağlı konfranslar, layihələr keçirilir".
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bir neçə dəfə cəbhəyanı rayonlarda olduğunu, məcburi köçkünlərin yaşadıqları şəraitlə tanış olduğunu, köçkün uşaqların taleyinin onu çox narahat etdiyini deyib. Səfir Azərbaycan hökumətinin məcburi köçkünlərin problemlərinin həlli istiqamətində mühüm layihələr reallaşdırdığını vurğulayıb.
Ombudsman Elmira Süleymanova isə çıxışında deyib ki, neft gəlirləri ilk növbədə məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılmasına yönəldilib, qəsəbələr salınıb. O bildirib ki, bu gün problemin həllinə köhnə metodlarla yanaşmağımız düzgün deyil: "Məcburi köçkünlər o torpaqları tanımır. Ancaq uşaqların rəsmlərində Şuşanın təbiəti əks olunur. Bu, genetika, qan ilə bağlıdır və doğma torpaqlarına qayıtmaq arzusundan qaynaqlanır. Böyük Qayıdış Proqramında hər bir dövlət qurumu, icmalar, ictimai təşkilatlar iştirak etməlidir".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını söyləyib. O, qeyd edib ki, qaçqın və məcburi köçkün uşaqlarda dilənçi psixologiyası olmamalıdır: "İndi biz baxışların dəyişdiyini müşahidə edirik. 20 il uzun müddət deyil. Ancaq münaqişədə olduğumuz üçün bu illər çox mürəkkəb olub. Hər birimiz qələbə üçün çalışmalıyıq. Müasir tarixdə ən problemli münaqişə Azərbaycanın payına düşür. Azərbaycan özünü müharibəni uduzan ölkə kimi hiss etməyib. Biz əslində müharibəni udmuşuq. Azərbaycanın və Ermənistanın gücünə baxsaq, uduzduğumuzu söyləyə bilmərik. Əsl qələbə isə torpaqlarımızı qaytaran zaman olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB