Novruz Məmmədov: "Mövcud status-kvo mütləq dəyişməlidir" - MÜNASİBƏT
"İndiyədək atılan addımlar bir nəticə verməyibsə, bu o deməkdir ki, yeni tələb və yanaşma olmalıdır"
ABŞ-ın dövlət katibinin Azərbaycana son iki ildə ikinci dəfə səfər etməsinin özü ölkələr arasında çox mühüm, sıx əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin göstəricisidir. SİA-nın verdiyi məlumata görə, bunu trend.az-a Hillari Klintonun Azərbaycana səfərinin yekunlarını şərh edərkən Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
"Klintonun səfəri regional xarakter daşısa da, ABŞ-ın Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini və bu əlaqələrin strateji xarakter daşıdığını, ABŞ-ın Azərbaycanla bu faydalı əməkdaşlıqdan məmnun olduğunu təsdiq etdi", - deyə Məmmədov bildirib.
PA rəsmisinin sözlərinə görə, Azərbaycan prezidenti və ABŞ dövlət katibi ilə danışıqlar nəzərdə tutulduğundan da artıq davam edib, həm rəsmi hissəsi, həm də lanç arxasında danışıqlar iki saatdan artıq davam edib: "Bu danışıqlarda indiki əməkdaşlığımızın vəziyyəti, onun mühüm məqamları və gələcək potensiala dair geniş fikir mübadiləsi aparıldı. Xanım Klinton bildirdi ki, ABŞ Azərbaycanla əməkdaşlığa çox mühüm əhəmiyyət verir".
N.Məmmədovun sözlərinə görə, Azərbaycan çox mühüm bir regionda yerləşdiyi üçün ölkəmizlə əməkdaşlıq ABŞ-a böyük fayda verir və ABŞ regionla bağlı mühüm qərarların qəbulu zamanı Azərbaycanın da iştirakını məntiqli sayır: "Mən bu danışıqları çox yüksək qiymətləndirirəm və düşünürəm ki, ABŞ ilə əlaqələrimiz bundan sonra da davam edəcək. Bu səfər də buna öz töhfəsini verəcək".
PA rəsmisinin sözlərinə görə, danışıqlar zamanı müzakirə olunan əsas mühüm məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi idi. "Hər iki tərəf bununla bağlı öz mövqeyini bildirdi. Azərbaycan prezidenti qeyd etdi ki, o, ABŞ ilə əməkdaşlığa mühüm əhəmiyyət verir, bu əlaqələrin bütün istiqamətlərdə inkişafını yüksək qiymətləndirir. Eyni zamanda, Azərbaycan gözləyir ki, ABŞ da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində həllində mühüm rol oynasın. Azərbaycan prezidenti təəssüflə qeyd etdi ki, bu illər ərzində gedən danışıqlar prosesi ilə bağlı Azərbaycanın atdığı addımlar həmişə münaqişənin sülh və danışıqlar yolu ilə həllinə yönəlib, lakin Ermənistan tərəfi hər dəfə məkrli planlar quraraq, hiyləgər addımlar ataraq, müəyyən bəhanələr gətirərək danışıqlar prosesini uzatmaqla məşğuldur", - deyə PA-nın şöbə müdiri deyib.
Məmmədovun sözlərinə görə, həmsədr ölkələrin prezidentləri Akvildə mühüm qərar qəbul etdilər və onların qərarlarının əsas müddəalarından biri indiki status-kvonun bu cür davam etməsinin qəbuledilməz olduğunu təsdiqləyir: "Lakin bu bəyanatlar hələlik nəticəsiz qalıb və Azərbaycan prezidenti də bundan təəssüfləndiyini nəzərə çatdırdı. Qeyd edim ki, xanım Klinton Ermənistanda olanda da bununla bağlı söhbət aparıb, Bakıdakı danışıqlardan sonra Türkiyədə də bununla bağlı müzakirələr aparacaq. Mənim gəldiyim nəticə ondan ibarətdir ki, ABŞ artıq bu prosesdə daha fəal iştirak etmək istəyir. Məhz bu səbəbdən də Azərbaycan prezidentinin mövqeyini diqqətlə dinləyərək münaqişənin həlli ilə bağlı yeni yanaşmaların axtarılmasının lazım olduğunu bildirdi. Hələlik bu yanaşmaların nədən ibarət olduğunu demək çətindir, amma indiyədək atılan addımlar əgər bir nəticə verməyibsə, bu o deməkdir ki, yeni bir tələb və yanaşma mütləq olmalıdır".
PA rəsmisinin sözlərinə görə, bu yanaşma ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən yüksək status verilə bilər, lakin mövcud status-kvo mütləq dəyişilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB