Elman Nəsirli: "ABŞ-ın Cənubi Qafqaz regionuna marağı Rusiyanın aqressivliyini artırır"

"Ermənistan Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klintonun regiona səfəri ərəfəsində cəhbə bölgəsində atəşkəs rejimin pozmaqla öz təxribatçı planını reallaşdırmış oldu". Bu barədə SİA-ya danışan politoloq Elman Nəsirli qeyd edib ki, məsələyə formal məntiqi baxımdan yanaşılsa, xanım Klintonun səfəri zamanı belə bir insident baş verməməli idi. Yəni münaşiqə tərəfinin davranışları təsdiqləməlidir ki, tərəflər arasında sabitlik var. Elman Nəsirlinin sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində pozuculuq hərəkəti etməyi rəsmi İrəvana lazım idi: "Yəni ABŞ rəsmisinin regiona səfərindən erməni metodu kimi istifadə olundu. Belə ki, onlar qabaqlayıcı addım ataraq bəyan etdilər ki, guya cəbhə xəttində atəşkəs rejimini pozan Azərbaycan tərəfidir. Onlar hesablayırdılar ki, dövlət katibi ilk növbədə Ermənistana gələcək. Birinci məlumatı onlar verəcək ki, Azərbaycan Ermənistanın sərhədlərini pozub. Buna görə də Hillari Klinton Bakıya gələndə Azərbaycan dövlətindən narazı olacaq. Özlərini isə atəşkəs rejiminin saxlanmasında maraqlı olan, sülhdə maraqlı olan tərəf kimi göstərməyə çalışırlar".

Qeyd edək ki, Ermənistanın müdafiə nazirliyi də bu ruhda məlumat yayıb. Politoloqun fikirincə, ABŞ üçün Cənubi Qafqazın aktuallığı yenidən artmağa başlayıb. Putin Rusiya prezidenti seçildikdən sonra verdiyi bəyanatda qeyd edib ki, Rusiyanın xarici siyasətinin əsas istiqaməti MDB ölkələri olacaq: "Belə ki, Putin iqtidarı Rusiya xarici siyasətində yeni siyasi kurs müəyyənləşdirib. Yəni bir qədər də diplomatik dildən hərbi dilə çevirsək, bu o deməkdir ki, bundan sonra Putinin prezidentliyi dövründə post-sovet məkanı və MDB ölkələri ilə bağlı monopolist Rusiya olacaq. Bir məsələyə diqqət edək ki, Putin NATO-nun Çikaqo sammitinə getmədi, "böyük səkkizlər"in sammitinə qoşulmadı. Buradan belə bir fikir oraya çıxır ki, Rusiya ilə ABŞ arasında kəskin fikir ayrılığı mövcuddur. Rusiyanın Dağlıq Qarabağla bağlı apardığı son siyasi proseslər göstərir ki, rəsmi Moskva münaqişənin həllində maraqlı deyil. Ancaq ATƏT-in digər həmsədr ölkələri müharibənin əleyhinə fəaliyyətlərini artırırlar".

Elman Nəsirli vurğulayıb ki, cəbhə xəttində baş verən son insidentlə bağlı Fransanın xarici işlər nazirliyi bəyanat verib: "Bəyanatda qeyd olunub ki, Qarabağ münaqişəsinin güc vasitəsi ilə həll etmək mümkün deyil. Tərəflər BMT-nin nizamnaməsi və Helsinki Yekun Aktının güc tətbiq olunmaması, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanan münaqişənin dinc yolla həll olunması prosesinə sadiq olmalıdır". Bəyanatda bildirilir ki, Fransa iyun ayında Parisdə keçiriləcək Azərbaycan, Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağ münaqişəsinin dinc yolla həllinə dair danışıqların aparılmasına hazırlıq görür.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə