28 May-Respublika Günü münasibətilə Təbrizdə də rəsmi qəbul keçirilib - FOTO
Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu tərəfindən, Təbrizin Beynəlxalq Şəhriyar otelində təşkil olunan rəsmi qəbulda Azərbaycan və İranın dövlət himnləri səsləndirilib. SİA-nın verdiyi məlumata görə, rəsmi qəbulda İran İslam Respublikasının Şərqi və Qərbi Azərbaycan Vilayətlərinin dövlət rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki Baş Konsulluğunun kollektivi, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə rəsmi qəbulda çıxış edərək Azərbaycan Xalq Cumhuriyyətinin yaranma tarixindən, şərqdə ilk parlamentli demokratik respublika olmasından, həmin dövrdə də İran İslam Respublikası ilə saxladığı dostluq əlaqələrindən danışıb. Azərbaycan Xalq Cumhuriyyətinin siyasi-mənəvi varisi olaraq, Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyini qeyd edən Əli Əlizadə, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu müstəqilliyin qorunub saxlanıldığını bildirmiş və bu siyasətin davamı olaraq müasir Azərbaycanın hal-hazırda da ölkə Prezidentinin rəhbərliyi ilə stabil inkişaf etdiyini diqqətə çatdırıb. Azərbaycanın əldə etdiyi nailiyyətlər və sosial-iqtisadi inkişafı haqqında rəsmi qəbul iştirakçılarına məlumat verən baş konsul Ermənistanın apardığı işğalçılıq, soyqırım siyasəti nəticəsində torpaqlarının bir hissəsini itirmiş Azərbaycanın bununla barışmayacağını qeyd edib və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyinin ərazi bütövlüyünün təmin olunması olduğunu bildirib.
Baş konsul müstəqil Azərbaycanın beynəlxalq mövqelərinin də möhkəmləndiyini, xarici əlaqələrinin daim genişləndiyini qeyd edərək, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-İran əlaqələrindən söhbət açmış və bu əlaqələrin inkişafında İran İslam Respublikasının Şərqi və Qərbi Azərbaycan, Ərdəbil, eləcədə Gilan vilayətlərinin xüsusi rolunun olduğunu vurğulayıb, 28 May-Respublika Günü ilə bağlı rəsmi qəbulun Təbrizdə keçirilməsindən məmnunluğunu ifadə edib.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb regionu üzrə Nümayəndəliyinin rəhbəri Rza Yaqubi də çıxış edərək İran İslam Respublikası Şərqi Azərbaycan Vilayətinin rəhbərliyinin təbriklərini çatdırmış və İranla-Azərbaycan arasında mövcud olan dostluq əlaqələrindən danışıb.
Rəsmi qəbulda həmçinin Azərbaycanın sosial-iqtisadi inkişafına dair film nümayiş olunub, Sarı gəlin, Qarabağ şıkəstəsi və sair Azərbaycan xalq mahnılarının sədaları ilə verilən ziyafətin ardınca "Azərbaycan-94" adlı rəmzi tort da kəsilib.
Rəsmi qəbul iştirakçılar tərəfindən maraqla qarşılanmış və xoş təəsurat bağışlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB