BMT baş katibi Beynəlxalq Ailə günü münasibəti ilə bəyanat yayıb

BMT baş katibi Beynəlxalq Ailə günü münasibəti ilə bəyanat yayıb

15 may 2012-ci il Beynəlxalq Ailə günüdür. Bu münasibətlə BMT baş katibi Pan Ki Mun dünya ictimaiyyətinə müraciət edib. BMT-nin İctimai İnformasiya Departamentindən SİA-ya verilən məlumata görə, müraciətdə deyilir: \"Bu ilki Beynəlxalq Ailə Günü iş və ailə həyatı arasında balansın vacibliyini vurğulayır. Əsas məqsəd dünyanın hər tərəfində işçilərin ailələrini maddi və mənəvi cəhətdən təmin etməklə yanaşı, yaşadıqları cəmiyyətin sosial-iqtisadi inkişafına öz töhfələrini verməyə yardım etməkdən ibarətdir.

Mövcud tendensiyalar iş-ailə siyasətinin artan vacibliyini vurğulamaqdadır. Buraya əmək bazarında qadınların geniş miqyaslı iştirakı, artan urbanizasiya və mobil iş axtarışı daxildir. Ailələr kiçildikcə və nəsillər arasında uzaqlaşma yarandıqca, uzaq qohumlar uşaqlara daha az qayğı göstərir və işçi valideynlər daha çox problemlərlə üzləşirlər.

Dünyada milyonlarla insan layiqli iş şəraiti və ailələrinin qayğısına qalmaq üçün ehtiyac duyduqları sosial dəstək çatışmazlığından əziyyət çəkir. Məktəbəqədər yaşda olan uşaqlarını çox vaxt evdə tək qoymağa məcbur olan ailələrin üstünlük təşkil etdiyi inkişaf etməkdə olan ölkələrdə, uşaqlar üçün keyfiyyətli qayğı sisteminə nadir hallarda rast gəlinir. Bu uşaqlar çox vaxt böyük bacı və qardaşlarının himayəsinə verilirlər. Bu isə öz növbəsi həmin uşaqların məktəbdən yayınmalarına səbəb olur.

Bir çox ölkələr valideynlər üçün səxavətli məzuniyyət imkanları təklif edirlər. Lakin bunların yalnız bir neçəsi beynəlxalq standartlara uyğun gəlir. Atalıq məzuniyyətinin verilməsi inkişaf etməkdə olan ölkələrin əksəriyyətində hələ də nadir haldır.

Pilləli iş saatları, sıxışdırılmış iş proqramları və ya distant iş yerləri də daxil olmaqla, çevik müqavilələr daha geniş vüsət almaqdadır - lakin hələ də bütün sahələrdə görüləsi çox iş var. Mən bunu inkişaf etdirmək üçün, hal-hazırda öz təşkilatımızda nələrin dəyişilə bilməsi məsələsini diqqət mərkəzində saxlayıram.

Biz iş və ailə həyatında hər zaman dəyişən çətinlikləri aradan qaldırmalıyıq. Mən valideynlər üçün daha yaxşı məzuniyyət müddəaları, çevik iş müqavilələri və daha yaxşı uşaq qayğı sistemi vasitəsilə yaradılan ailələr üçün əlverişli iş yerlərinin yaradılmasını alqışlayıram.

Belə siyasət və proqramlar iş-ailə balansının artırılması üçün olduqca vacibdir. Bu tədbirlər həmçinin daha yaxşı iş şərtləri, daha çox işçi sağlamlığı və məhsuldarlığı, o cümlədən gender bərabərliyinə daha çox diqqət ayırmağa səbəb ola bilər.

İş-ailə balansı üzrə siyasət həm dövlətin ailələrin rifahını, həm də özəl sektorların sosial məsuliyyəti öhdəliklərinə götürmələrini nümayiş etdirir.

Bu Beynəlxalq Ailə Günündə, gəlin ailə və cəmiyyətlərin xeyrinə iş-ailə balansının geniş miqyasda təbliğ edəcəyimizə dair bir daha vəd verək\".

Bütün xəbərlər Facebook səhifəmizdə