BDU-da “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirib - FOTO

BDU-da “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirib - FOTO

Bakı Dövlət Universitetində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon Gənclər Birliyi Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "Heydər Əliyev və müasir Azərbaycan gəncliyi" mövzusunda tədbir təşkil olunub. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan BDU ilk partiya təşkilatının Gənclər Birliyinin sədri Daşqın Qənbərov Ümummilli liderin həyat və yaradıcılığı, onun Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsində göstərdiyi xidmətlərdən danışıb. Müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevin ölkəmizin çiçəklənməsi yolunda əzmlə çalışdığını, xalqın rifahı naminə gördüyü işlərdən danışan Daşqın Qənbərov bu böyük şəxsiyyətin keçdiyi yolun müstəqil və suveren Azərbaycan yolu, azərbaycançılıq yolu olduğunu söyləyib.

"Bu gün biz müstəqil və demokratik, suveren bir ölkənin vətəndaşlarıyıq. Sərbəst təhsil ala, firavan yaşaya bilirik. Vətənimizin hər bir diyarı gündən-günə çiçəklənir. Ölkəmiz inkişaf göstəricilərinə görə, nəinki Qafqazda, hətta dünyada önəmli yerə malikdir. Kiçik bir hissəsini sadaladığım bütün bu reallıqlara görə, bizlər ulu öndərin ruhuna borcluyuq. Onun uzaqgörən siyasəti Azərbaycanın gələcək inkişafını müəyyən edib.

O, böyük şəxsiyyət idi. Xalqın dühası idi. Bir lider olaraq xalqı öz arxasınca apara bilirdi, əlli milyonluq azərbaycanlıların, həqiqi mənada, inamını qazanmışdı. Onun qurub-yaratmış olduğu Azərbaycanın bu gün qüdrətli ordusu var. Heydər Əliyev hər kəsin edə bilməyəcəyi unudulmaz bir yaxşılıq etmişdi azərbaycanlılara. O, "Azərbaycan" adlı möhtəşəm bir şah əsər yaradıb. O əsər ki, indi biz gənclərə ərmağan olunub və bizlərə etibar edilib."


Öz növbəsində çıxış üçün söz alan YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev bu uzaqgörən, dahi insanın elmə, təhsilə göstərdiyi diqqət və qayğıdan, ulu öndərin insan kapitalının inkişafında gördüyü əməli işlərdən danışıb. " Bu gün biz tam məsuliyyətlə deyə bilərik ki, hazırda Azərbaycan universitetlərinin flaqmanı sayılan Bakı Dövlət Universitetinin ən böyük və dahi məzunu, öz xalqına, millətinə, vətəninə, onun mədəniyyət və mənəviyyatına son dərəcə bağlı olan, öz şəxsiyyəti ilə xalqımızın simvoluna çevrilən, Azərbaycan dövlətinin xilaskarı və qurucusu, bir sözlə, dünya azərbaycanlılarının Lideri Heydər Əlirza oğlu Əliyevdir.

Daha sonra YAP Yasamal rayon Gərclər Birliyinin üzvü Elvin İbrahimov, Anar Cəfərov və digərləri söylənən fikirlərə qoşuldular, Ümummilli liderin Azərbaycan gəncliyinə, təhsilinə göstərdiyi diqqət və qayğı haqqında fikirlərini toplantı iştirakçıları ilə paylaşıblar.

Tədbir tələbələrin mövzu ətrafında aktiv müzakirəsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə