Oqtay Əsədov İordaniya Senatının nümayəndə heyətini qəbul edib

Oqtay Əsədov İordaniya Senatının nümayəndə heyətini qəbul edib
Milli Məclisin (MM) sədri Oqtay Əsədov İordaniya Haşimilər Krallığı Senatı sədrinin birinci müavini Abdurrauf əl-Ravabidənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. MM-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, O.Əsədov İordaniya ilə parlamentlərarası əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb.

Spiker Azərbaycanın son dövrdə əldə etdiyi nailiyyətlər barədə danışaraq bildirdib ki, bu gün dinamik inkişaf edən Azərbaycanın an ağrılı problemi Dağlıq Qarabağ münaqişəsidir: "Biz problemin həllində İordaniyanın Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndiririk. İnanırıq ki, beynəlxalq birliyin səyi nəticəsində münaqişə tezliklə öz ədalətli həllini tapacaq".

O.Əsədov bu ilin yanvarında İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının İndoneziyada keçirilən tədbirində Xocalı soyqırımının tanınmasını yüksək qiymətləndirib və əlavə edib ki, bunun ardınca Pakistan Senatı da soyqırımı aktını tanıyan qətnamə qəbul edib: "Biz İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının tövsiyəsinə əməl edərək digər müsəlman ölkələrinin, o cümlədən İordaniya Senatının da belə bir qərar qəbul edəcəyinə ümid edirik".

İordaniya Haşimilər Krallığı Senatı Sədrinin birinci müavini Abdurrauf əl-Ravabidə Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını bildirib: "Bizim münasibətlərimiz qədim tarixi köklərə söykənir. Azərbaycana səfərdən məqsəd də əməkdaşlığımızın daha da dərinləşməsi barədə müzakirələr aparmaqdır".

Regional münaqişələrdən söz aşan Abdurrauf əl-Ravabidə ölkəsinin Azərbaycanın haqq işini dəstəklədiyini vurğulayaraq Dağlıq Qarabağ probleminin tezliklə sülh yolu ilə həllinə inamını ifadə edib.

Qeyd edək ki, Əbdurrauf ər-Ravabidənin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun, həmçinin MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə də görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə