Əli Əhmədov: “Dövlət tərəfindən siyasi partiyaların maliyyələşməsinə göstərilən siyasi dəstək ünvanlı sosial yardım deyil” - MÜSAHİBƏ

Əli Əhmədov: “Dövlət tərəfindən siyasi partiyaların maliyyələşməsinə göstərilən siyasi dəstək ünvanlı sosial yardım deyil” - MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədovun SİA-ya müsahibəsi

- Ötən gün Milli Məclisdə qəbul olunan "Siyasi partiyalar" haqqında qanuna əlavə və dəyişikliklər hakim Yeni Azərbaycan Partiyasını tam olaraq qane edirmi?

- Dünya praktikası göstərir ki, bütövlükdə dövlət tərəfindən siyasi partiyaların maliyyələşməsinə göstərilən siyasi dəstək ünvanlı sosial yardım deyil. Bu, partiyaların fəaliyyətini stimullaşdırmaq məqsədi güdür ki, bu zaman başlıca olaraq əsas meyar kimi siyasi partiyaların ictimai dəstəyi, müdafiəsi kriteriyalarından çıxış edilir və buna istinad olunur. Bunun da əsas göstəricisi bu və ya digər partiyanın parlamentdə təmsilçilik dərəcəsidir. Yeni Azərbaycan Partiyasının Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinə nisbətən təmsilçilik dərəcəsi 84,5%-dir. Əgər biz dünya praktikasına istinad etsək, onda dövlət tərəfindən ayrılan vəsaitin təxminən bu qədəri Yeni Azərbaycan Partiyasının payına düşməlidir. Reallıq bundan ibarətdir. Partiyaların maliyyələşməsi kriteriyasından çıxsaq, belə olmalıdır. Amma Yeni Azərbaycan Partiyası olaraq onunla da razılaşırıq ki, bu gün Azərbaycan hökumətinin siyasi partiyaların maliyyələşməsi zamanı istinad etdiyi digər bir prinsip partiyalara daha çox maliyyə dəstəyi göstərmək istəyinin ortaya qoyulmasıdır. Belə olan halda Yeni Azərbaycan Partiyasına düşəcək payın bir hissəsi digər partiyalara mövcud sxem əsasında bölünüb. Yeni Azərbaycan Partiyası bunu hökumət ətrəfindən kompromis variant kimi ortaya qoyulan layihə hesab edir. Biz də bununla razılaşırıq. Güman edirəm ki, indiki mərhələ üçün bu məqbul variantlardan biri hesab edilir. Bu mənada layihəyə ciddi etiraz etmirik. Amma istərdik ki, bütün cəmiyyət, o cümlədən də hökumət maliyyəsindən faydalanacaq siyasi partiyalar da dərk və qəbul etsinlər ki, onların aldığı hökumət dəstəyinin əhəmiyyətli bir hissəsi əslində dünya praktikasına istiand ediləcəyi halda, aprılacaq bölgü əsasında Yeni Azərbaycan Partiyasına çatmalı olan paydır.

- Partiyalar arasındakı maliyyə necə bölüşdürüləcək və rəqəmlər necə olacaq?

- Rəqəmləri hökumət müəyyənləşdirəcək. Bu məsələ müvafiq icra hakimiyyətinin səlahiyyətinə aid olan məsələdir. İnanırıq ki, yekunda qanunla çox ciddi maliyyə nəzarəti tətbiq ediləcək.

- Sizin fikrinizcə, siyasi partiyaların maliyyələşməsi zamanı şəffaflıq tam olaraq təmin olunacaqmı? Ümumiyyətlə, maliyyə vəziyyəti ilə bağlı hesabatların verilməsi zəruridirmi?

- Yeni Azərbaycan Partiyası bu günə kimi hər il özünün maliyyə durumu barədə hesabatı mətbuat vasitəsilə ictimaiyyətə çatdırıb. Amma YAP-dan savayı digər heç bir partiya bu günə qədər özlərinin maliyyə durumları barədə məlumat verməyiblər. Həmin partiyalar onların maliyyələrinin ya olmaması, ya da tamamilə az olması ilə əlaqələndirirlər. Əgər maliyyələri yoxdursa, onda əslində fəaliyyət göstərməyiblər. Siyasi partiya həm də hüquqi şəxsdir. Hər bir hüquqi şəxsə müəyyənləşən qanuni çərçivələr eyni zamanda, siyasi partiyalara tətbiq edilir. Heç bir maliyyəsi olmayan siyasi partiya fəaliyyət göstərməməlidir. Az maliyyənin hesabatının verilməməsinin özü də əslində Azərbaycanın indiyə qədər mövcud olan "Siyasi partiyalar" haqqında qanunun tələblərini, həm də digər hüquqi və normativ aktların, o cümlədən qanunların tələblərinin pozulması deməkdir. İndiyə qədər onlar bu qanunun tələblərini pozublar. Bundan sonra tələb olunan maliyyə hesabatını necə verəcəklərini isə zaman göstərəcək. Yeni Azərbaycan Partiyası bu günə kimi maliyyə hesabatını verərək bu barədə şəffalığı təmin edib, bundan sonra da davam etdirəcək. Bu Yeni Azərbaycan Partiyasının Azərbaycanın qanunlarına, partiyanın üzvlərinə, bütövlükdə Azərbaycan cəmiyyətinə hörmətinin göstəricisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə