Əfqanıstan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini tam dəstəkləyir

Əfqanıstan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini tam dəstəkləyir
Azərbaycanın Əfqanıstandakı səfiri Daşqın Şikarov etimadnaməsini bu ölkənin Prezidenti Həmid Kərzaiyə təqdim edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Əfqanıstan dövlətinin başçısına çatdıraraq, onu ölkə rəhbərliyi adından 2012-ci ilin oktyabrında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda keçiriləcək zirvə toplantısına dəvət edib.

D.Şikarov Əfqanıstan Prezidenti ilə söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində atılan addımlar, ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar, Heydər Əliyev Fondunun fəaliyyəti, bu Fondun prezidenti, birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə və xaricdə həyata keçirilən humanitar layihələr barədə ətraflı məlumat verib.
Onun salamlarının Azərbaycan dövlətinin başçısına çatdırılmasını xahiş edən Prezident Həmid Kərzai İƏT zirvə toplantısında iştirak etmək üçün dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini bildirib. Əfqanıstan Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini tam dəstəklədiyini və bu dəstəyin bundan sonra da davam edəcəyini vurğulayıb.
D.Şikarov Əfqanıstana səfəri çərçivəsində bu ölkədəki Azərbaycan sülhməramlı kontingenti ilə də görüşmüşdür. Əsgərlərimizin xidmət şəraiti ilə yaxından tanış olan diplomat sülhməramlı kontingentimiz tərəfindən yaradılan Heydər Əliyev Muzeyi ilə tanış olub.
Bundan əlavə, səfir Kabulda yerləşən, hər iki valideynini itirmiş uşaqların məskunlaşdığı "Avisenna" uşaq evinə gələrək onlara Heydər Əliyev Fondu adından humanitar yardım təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə