"Azadlıq Naminə" Fridrix Nauman Fondunun təşkilatçılığı ilə Almaniya və Avstriyadan Bakıya gəlmiş bir qrup jurnalist Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda olublar.
KİVDF-dən SİA-ya verilən məlumata əsasən, görüşdə fondun icraçı direktoru Vüqar Səfərli, Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə və üzvü Rəşad Məcid, habelə "Azadlıq Naminə" Fridrix Nauman Fondunun Cənubi Qafqaz üzrə layihə rəhbəri Yasemin Pamuk, Almaniya kütləvi informasiya vasitələrindən - "Rheinische Post" un əməkdaşı Doris Heiman, "DPA"-nın əməkdaşı Ulf Mauder, "Der Tagesspiegel"in əməkdaşı Klaudia Salzen, "Stern"in əməkdaşı Cens Mayer, "Deutschland radio"nun Moskva nümayəndəsi Jezin Dörnblüz, "Die Zeit"in əməkdaşı Cohans Vosvingel, "Mediengruppe Madsack"ın əməkdaşı Maurus Vojaç, habelə Avstriyanın "Die presse" qəzetinin əməkdaşı Yutta Sommerbauer iştirak edib.
Qonaqları salamlayan icraçı direktor Vüqar Səfərli Fondun yaradılması zərurəti və son illərdəki fəaliyyəti barədə ətraflı məlumat verib. Ölkədə fikir, söz və mətbuat azadlıqlarının daha da inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin problemlərinin həlli istiqamətində həyata keçirilən islahatlardan söz açan Vüqar Səfərli bildirib ki, ölkə başçısının 31 iyul 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası"nda mediaya dövlət dəstəyinin başlıca prinsip və istiqamətləri əksini tapıb.
Konsepsiyadan irəli gələn vəzifələrin həlli məqsədilə Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2009-cu il tarixli fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını vurğulayan icraçı direktor bununla da ölkə jurnalistikasının inkişafında keyfiyyətcə yeni mərhələnin başlandığını qeyd edib. Vüqar Səfərli həmçinin, son 3 ildə Azərbaycanda ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin problemlərinin həlli, jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması, sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində Fondun həyata keçirdiyi çoxsaylı layihələrdən danışın. O, Azərbaycan jurnalistlərinin beynəlxalq təcrübəni öyrənmələri üçün Fondun xarici ölkələrə səfərlər təşkil etdiyini də qonaqların diqqətinə çatdırıb.
Sonra icraçı direktor Almaniya və Avstriyanı təmsil edən jurnalistləri maraqlandıran sualları ətraflı cavablandırıb.
Qeyd edək ki, görüşün sonunda Fondun əməkdaşlarından ibarət qrupun "Azadlıq Naminə" Fridrix Nauman Fondunun və Almaniyanın aparıcı mediasının fəaliyyəti ilə tanışlığı məqsədilə bu ölkəyə səfərinin təşkili barədə razılıq əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB