“Wikileaks”in rəhbəri ilk televerilişinə “Hizbullah”ın liderini dəvət etdi

“Wikileaks”in rəhbəri ilk televerilişinə “Hizbullah”ın liderini dəvət etdi

"Wikileaks"in rəhbəri Culian Assanj aparıcı kimi "Russia Today" telekanalında debüt edib. RT-nin mətbuat xidmətinə istinadən xəbər verilir ki, o, ilk verilişinə bir çox ölkədə terrorçu kimi tanınan "Hizbullah"ın lideri Həsən Nəsrullahı dəvət edib.


Suriyadakı vəziyyətə toxunan H.Nəsrullah bildirib ki, o, hökümət və müxalifət qüvvələri arasında sülh danışıqlarının başlanılmasına vasitəçilik edə bilər: "Biz müxalifət qüvvələriylə əlaqə saxlamışıq, amma onlar hakimiyyətlə dialoqdan imtina edirlər".


Həsən Nəsrullahın sözlərinə görə, bəzi dövlətlər Suriyadaxili münaqişəni dərinləşdirmək üçün ölkədəki müəyyən qüvvələrə silah və pul verir:


"Digər tərəfdən, tam aydındır ki, "Əl-Qaidə"nin rəhbəri Ayman əz-Zəvahiri insanları Suriyada silahlı mübarizəyə çağırıb. Bəllidir ki, "Əl-Qaidə"nin və başqa ölkələrdəki digər təşkilatların döyüşçüləri Suriyaya axışır. Onlar Suriyanı döyüş meydanına çevirmək niyyətindədirlər. Biz istəyirik ki, müxalifət və hökümət qüvvələri danışıqlar masası arxasında əyləşsin və məsələni siyasi yolla həll etsin".


"The World Tomorrow" verilişi eyni vaxtda RT kanalında ingilis, ərəb və ispan dillərində efirə çıxır. Telelayihənin çəkilişləri Londonda aparılır. Assanjın özü bir ilə yaxındır ki, ev dustağı olsa da, ona qarşı indiyədək rəsmi ittiham irəli sürülməyib.


Aparıcı və idea müəllifi Assanj verlişlərinə maraqlı və məşhur şəxsləri dəvət edəcəyini deyib. Onun sözlərinə görə, həmin insanlar açıqlamalarında gündəlik deyilən sözlərdən başqa digər telekanallarda söyləyə bilmədiklərini burada bəyan edəcəklər.


Qeyd edək ki, 2010-cu ildə "WikiLeaks" dünya liderlərinin və ölkələrinin ünvanına sensassiyalı məlumatlar yaymaqla məşhur olmuşdu. Saytda 250 min faylın dərc olunduğu bildirilir ki, bu da indiyənədək rekord rəqəm sayılır.


Məlumatlar işıq üzü gördükdən sonra 2010-cu ilin avqustunda Assanj İsveçdə zorlamada şübhəli bilinirdi. Həmin ilin noyabr ayında isə İsveçin hüquq-mühafizə orqanları "WikiLeaks"in rəhbəri barədə beynəlxalq axtarış elan etmişdi və o, 2010-cu ilin dekabrında Londonda saxlanılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə