Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qəbələdə baş verən meşə yanğını ilə bağlı məlumat yayıb. SİA-nın nazirliyin rəsmi saytına istinadla verdiyi məlumata görə, rayonunun Tövlə Bələdiyyəsinin 1,5 - 2 hektar ərazisində yanğın hadisəsi baş verib.
Küləkli hava şəraiti olduğundan yanğın Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Zarağan meşəbəyliyinin 19-cu kvartalının 24-cü bölməsinə keçib və meşə fonduna məxsus, ümumilikdə 0,47 hektar ərazidəki quru ot örtüyü və kollar yanıb. Yanğın nəticəsində meşə fonduna ciddi ziyan dəyməyib.
Yanğının baş verməsinə səbəb yoldan keçən avtomobildən atılan söndürülməmiş siqaret kötüyü olub.
Günorta saatlarında başlayan yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumları və yerli əhalinin birgə səyləri nəticəsində gecə saat 23:20-də tam söndürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların istiləşməsi ilə əlaqədar əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşə və yaşıllıqları qorumağa çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB