Azay Quliyev: \"İndiyədək 1394 təşkilata 11,5 mln ABŞ dolları həcmində vəsait ayrılıb\" - FOTO
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu İdarə Heyətinin üzvlərilə görüşüb. Qurumdan SİA-ya verilən məlumata görə, İdarə Heyətinə Şərqi və Qərbi Avropa, eləcə də postsovet ölkələri vətəndaş cəmiyyətlərinin aparıcı QHT nümayəndələri daxildir. Görüşdə 10-dək ölkənin QHT təmsilçisi iştirak edib.
Azay Quliyev qonqlara ölkə QHT-lərinin ümumi inkişaf istiqamətləri, Şuranın formalaşması və fəaliyyət prinsipləri haqqında ətraflı məlumat verərək bildirib ki, artıq beşinci ildir Şura ölkə QHT-lərinin institusional inkişafına hərtərəfli dəstək verir, keçirdiyi maliyyə yardımı müsabiqələrində isə indiyədək 1394 təşkilata 11,5 mln ABŞ dolları həcmində vəsait ayırıb. A.Quliyev ötən ilin iyul ayında Macarıstandakı beynəlxalq QHT forumunda Azərbaycan QHT-lərinin dövlət büdcəsindən maliyyələşdirilməsinin örnək təcrübə kimi vurğulandığını bildirib.
Şura sədri, həmçinin ölkədə QHT qanunvericilik bazasının möhkəmləndirilməsi məsələlərinə də toxunaraq qeyd etdi ki, son illər ərzində Şuranın təşəbbüsü ilə hazırlanmış bir qanun layihəsi qəbul edilib, daha üç qanun layihəsi isə QHT mühitində geniş müzakirələrdən sonra Milli Məclisə təqdim edilib. A.Quliyev ölkədə regional QHT-lərin inkişafına xüsusi diqqət yetirildiyini və bu təşkilatların layihələrinin maliyyələşdirilməsinə Şuranın daha həssas yanaşdığını qeyd edib.
Qonaqlar AVRONEST Parlament Assambleyasının Azərbaycanda keçən sessiyasındakı səmərəli müzakirələrdən məmnun qaldıqlarını və tədbirin bütövlükdə Azərbaycan və üzv ölkələr üçün vacib əhəmiyyət daşıdığını bildirdilər.
Qeyd edək ki, görüşdə Polşa, İsveç, Ukrayna, Belarus, Gürcüstan və başqa ölkələrin təmsilçiləri çıxış edərək, QHT sektorundakı çətinliklərlə bağlı məsələlərin hökumətlə müzakirəsində Şuranın daha böyük fəallıq göstərməsinin vacibliyini qeyd etdilər, həmçinin ölkələr arasında QHT əməkdaşlığının əhəmiyyətini vurğuladılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB