Azərbaycan “Sərhədsiz Reportyorlar” təşkilatının “İnternetin düşmənləri” adlı illik hesabatında yoxdur
"Sərhədsiz Reportyorlar" təşkilatı tərəfindən martın 12-də "İnternetin düşmənləri" adlı illik hesabat dərc edilib. Hər il Beynəlxalq senzura günü münasibətilə açıqlanan bu hesabatda "İnternetin düşmənləri" və "Nəzarətdə olan ölkələr"in siyahısı hazırlanır və cari vəziyyətə şərhlər verilir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hesabatda birinci qrupa 12 ölkə – Bəhreyn, Belarus, Birma, Çin, Kuba, İran, Koreya Xalq Demokratik Respublikası, Səudiyyə Ərəbistanı, Suriya, Türkmənistan, Özbəkistan və Vyetnam daxil edilmişdir. İkinci qrupda isə Avstraliya, Misir, Eritreya, Fransa, Hindistan, Qazaxıstan, Malayziya, Rusiya, Koreya Respublikası, Şri Lanka, Tailand, Tunis, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri yer almışdır.
Göründüyü kimi, Azərbaycan bu siyahılara daxil deyildir. 72 səhifəlik hesabatda ölkəmizin adı cəmi bir dəfə hesabatın son sətirlərində qeyd olunub. Ümumi olaraq bildirilib ki, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da onlayn informasiya azadlığının vəziyyəti diqqətdə saxlanılacaqdır. Bütün bunlara baxmayaraq, bəzi yerli mətbuatda ölkəmizin internetin düşmənləri siyahısında olduğu barədə yalan məlumat yayılmaqdadır.
Ümumilikdə isə Azərbaycanın adı 2002-ci ildən bəri internetin düşmənləri siyahısında sadalanmır və ölkəmizdə internetin istifadəsi gündən-günə genişlənir. 2011-ci ilin məlumatlarına əsasən, Azərbaycanda internet istifadəçilərinin sayı 65 faiz yüksəlib və onlardan yarısı genişzolaqlı xidmət istifadəçiləridir. Milli domendə qeydiyyata alınmış saytların sayı 14 minə yaxındır, bloqların sayı minlərlədir, Facebook istifadəçilərinin sayı 800 minə çatmaqdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB