Elmar Məmmədyarov: \"Biz sülh danışıqlarını və saziş imzalanmasını uzatmamaq üçün bütün imkandan istifadə etməyə hazırıq”

Elmar Məmmədyarov: \"Biz sülh danışıqlarını və saziş imzalanmasını uzatmamaq üçün bütün imkandan istifadə etməyə hazırıq”

\"Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin qlobal çağırışlara – terrorizmə, insan alverinə və digər qlobal təhlükələrə qarşı mübarizədə aktiv iştirak etməyə imkan verir. Biz qonşularımızla xoş münasibətlər qurmuşuq. Lakin bizim regionun inkişafına mane olan səbəb var, bu, Dağlıq Qarabağ münaqişəsidir". SİA-nın xəbərinə görə bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin "beyin mərkəzləri"nin III forumunda çıxışı zamanı söyləyib.

BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı 4 qətnamə qəbul etdiyini xatırladan xarici işlər naziri buna rəğmən Azərbaycan torpaqlarının hələ də işğal altında qaldığını, məcburi köçkünlərin öz evlərinə qayıda bilmədiyini deyib.

Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun fəaliyyətindən də danışıb: \"Bizim bütün səylərimiz danışıqlarda tərəqqinin əldə olunmasına, torpaqlarımızın azad olunmasına, məcburi köçkünlərin öz evlərinə qayıtmasına yönəlib. Təəssüf ki, danışıqlar prosesində tərəqqi əldə olunmayıb. Buna səbəb isə regionda status-kvonu qoruyub saxlamağa çalışan Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Bu münaqişə sülh yolu ilə həll olunmalıdır. Bəzən qoşunların təmas xəttində tərəflər arasında məsafə 60 metr təşkil edir ki, bu da təhlükəsizliklə bağlı narahatlıq yaradır. Başa düşürəm ki, seçki dövrü başlayanda danışıqlar aparmaq asan olmur. Ermənistan seçki ərəfəsindədir. Biz sülh danışıqlarını və saziş imzalanmasını uzatmamaq üçün bütün imkandan istifadə etməyə hazırıq".

Nazir qeyd edib ki, Azərbaycan tərəflər arasında etimad mühitinin formalaşdırılmasına tərəfdardır: "Biz adi məntiqdən çıxış edirik – tərəflər arasında divar çəkmək səmərəsizdir. Beynəlxalq birlik də bu məntiqi dəstəkləyir".


Cabir Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə