Millət vəkili Qənirə Paşayeva Xocalı ilə bağlı konfransda göz yaşlarını tuta bilməyib
Türkiyənin Pamukkale Universitetində təşkil edilən "Xocalı qırğını 20-ci ilində" adlı konfransa qatılan azərbaycanlı millət vəkili Qənirə Paşayeva duyğulu anlar yaşayıb. SİA-nın xəbərinə görə, konfransda çıxış etmək üçün Azərbaycanın millət vəkili Qənirə Paşayeva və MHP Iğdır millət vəkili Sinan Oğan qatılıb. Türkiyə və Azərbaycan himnləri səsləndikdən sonra Xocalı soyqırımı ilə bağlı film nümayiş olunub. Azərbaycanlı millət vəkili Q.Paşayeva soyqırımın görüntülərini izlədikcə gözyaşlarını tuta bilməyib.
Filmin nümayişindən sonra kürsüyə çıxan Q.Paşayeva duyğulandığı üçün danışma növbəsini MHP Iğdır millət vəkili Sinan Oğana verib. Sinan Oğan da öz növbəsində faciə barədə qonaqlara məlumat verib.
Daha sonra təkrar kürsüyə gələn Q.Paşayeva məqsədlərinin Ermənistanın Xocalıda etdiyi soyqırımı bütün dünyaya eşitdirmək və tanıtdırmaq olduğunu söyləyib. Xocalı qırğınının yalnız azərbaycanlılara qarşı deyil, insanlığa qarşı edilmiş bir cinayət olaraq xarakterizə edən Q.Paşayeva əlavə edib: \"Soyqırımı edənlər ədalət qarşısında hesab verməlidir. Hər kəs Azərbaycana bu mövzuda dəstəkləməlidir. Ermənistan, Azərbaycanın 20% torpağını işğal altında saxlayır. Bu gün 1 milyon azəri türkü evinə dönə bilmir. Beynəlxalq təşkilatların qərarlarına baxmırlar. Biz də bunu dünyanın müxtəlif ölkələrində izah edirik. Meksika parlamenti və Pakistan senatının Xocalı soyqırımını dövlət səviyyəsində tanımaq üçün qərarlar qəbul etməsi bizim üçün çox əhəmiyyətlidir. Bu başqa ölkələrin də gündəminə gəlməlidir. Inanırıq ki, yaxın zamanda bunu tanıyan ölkələrin sayı artacaq\".
Q.Paşayeva qeyd edib ki, Xocalı soyqırımı və Yuxarı Qarabağ problemi yalnız bizim deyil, bütün türklərin problemidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB