Ziqilinde Şpanlanq: “Azərbaycan xalqı hər bir millətə, dinə qarşı tolerantdır” - MÜSAHİBƏ
Avstriyanın Azərbaycandakı səfirinin müavini xanım Ziqilinde Şpanlanqın Səs TV-yə müsahibəsi:
-Xanım Ziqilinde Şpanlanq, siz Azərbaycan ilə Avstriya arasında siyasi və iqtisadi əməkdaşlığın hazırkı səviyyəsini və perspektivlərini necə qiymətləndirirsiniz?
- Mən ilk öncə dəvətiniz və Avstriya haqqında danışmaq imkanı verdiyiniz üçün sizə təşəkkürümüzü bildirirəm. Avstriyanın Azərbaycandakı səfirliyi 2010-cu ildən fəaliyyətə başlayıb. Səfirliyin açılış mərasimində Avstriyadan nazirlər, vəzifəli şəxslər iştirak edib. Bu isə iki ölkə arasındakı münasibətlərin nə qədər yüksək səviyyədə olduğunun göstəricisidir. Təkcə siyasi-iqtisadi tərəfdən yox, mədəni tərəfdən, ümumiyyətlə hər bir sahədə Avstriya ilə Azərbaycanın əlaqələri kifayət qədər güclüdür.
- Avstriya və Azərbaycan arasında mədəni və sosial əlaqələri necə görürsünüz? Hər hansı mövcud və ya işlənib-hazırlanma mərhələsində olan mədəni və təhsil layihələrini göstərə bilərsinizmi?
- Biz bir neçə layihələr həyata keçirmişik. Onlardan biri isə Avstriya səfirliyinin Azərbaycan Dillər Universitetində kitabxana açmasıdır. Buraya alman dilində 200-dən çox kitab, jurnal və qəzet gətirilib. Buna səbəb isə azərbaycanlı tələbələrin alman dilinə olan marağından irəli gəlir. Avstriya eyni zamanda öz musiqisi ilə də dünyada məşhurdur. Tez-tez Avstriyadan Azərbaycana musiqi qrupları, orkestrlər gəlir, konsertlər verirlər. Onları dinləmək üçün kifayət qədər insan gəlir. Avstraliyalı incəsənət adamları, rejissorların çəkdiyi filmlər Avropada təşkil olunan nüfuzlu müsabiqələrdə iştirak edir. Bununla bağlı Avstriyanın kino sektorunun aparıcı şəxsləri Azərbaycanda olublar və öz təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşüblər. Həmçinin, hər iki ölkənin film sektoru sahəsindəki əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycan kimi Avstriyanın da zəngin mədəniyyəti, musiqisi var. Ona görə də bu sahədə əlaqələr yaratmaq daha asandır.
- Əlaqələrin genişlənməsi üçün gediş-gəlişi də artırmaq lazımdır. Necə fikirləşirsiniz, iki ölkə arasında turizm sahəsində hansı işlər görülməlidir?
- Bir neçə aydan sonra Azərbaycan "Eurovision-2012" musiqi yarışmasına ev sahibliyi edəcək. Ölkənizə xeyli sayda turistlər, qonaqlar gələcək. Avstriyanın turizm sahəsində yetəri qədər təcrübəsi var. Əlbəttə ki, bu təcrübədən Azərbaycan da yararlana bilər. Hər il Avstriyaya 300 milyona yaxın turist gəlir. Avstriyanın Azərbaycana nəqliyyatın təşkili, turistlərin yerlərə çatdırılması sahəsində köməyi dəyə bilər. Avstriya hər bir sahədə olduğu kimi turizm sahəsində də öz köməyini göstərir və göstərməyə hazırdır. Azərbaycanda turizm sektorunda çalışan bəzi insanlar Avstriyada bu sahə üzrə təcrübə keçiblər. "Eurovision"la yanaşı, Azərbaycanda bir çox mədəni tədbirlər təşkil etmək mümkündür. Çünki ölkəniz çox əlverişli coğrafi mövqedə yerləşir. Bundan başqa istər ərazisinə, istərsə də əhalisinin sayına görə Avstriya ilə Azərbaycan arasında oxşarlıq var.
- Bildiyiniz kimi, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib. Bizim üçün maraqlıdır ki, Avstriyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir?
- Avstriya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Biz istərdik ki, bu məsələ ATƏT-in Minsk qrupu çərçivəsində, danışıqlar, sülh yolu ilə həll olunsun. Hər iki dövlətin, xalqın ortaq məsələyə gəlməsi əlbəttə ki, yaxşı olardı.
- Üç ilə yaxındır ki, Azərbaycanda çalışırsınız. Bakı, ümumiyyətlə Azərbaycan haqqında təəssüratlarınız necədir?
- Təkcə Bakı yox, Azərbaycanın regionları da gözəldir. Xalqınız qonaqpərvər, dostcanlıdır. Siz bu dəyərləriniz qiymətləndirib daha çox irəli gedə bilirsiniz. Azərbaycan çox qısa bir zamanda böyük inkişafa malik olub. Əgər bu uğurlar davam etsə, ölkəniz 20 il sonra daha da gözəl olacaq. Azərbaycan xalqı hər bir millətə, dinə qarşı çox tolerantdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB