Siyavuş Novruzov: “Vətənin dar günündə yoxa çıxanlar, indi özlərini “ziyalı” adlandırır”

Siyavuş Novruzov: “Vətənin dar günündə yoxa çıxanlar, indi özlərini “ziyalı” adlandırır”

\"Ziyalılar Forumu qeyri-qanuni bir qurumdur və onun üzvləri fərari ziyalılardır. Bu özlərini "ziyalı" adlandıranların toplantısıdır\".


SİA-nın məlumatına görə, bu fikirləri YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov jurnalistlərə açıqlamasında söyləyib: "Özlərini ziyalı adlandıranlar bir dənə də olsa ermənilərə qarşı çıxış etdikləri yazını göstərə bilərlər? Vaxtilə erməni ziyalıları Dağlıq Qarabağla bağlı mübarizə aparanda bunlar Moskva restoranlarında yeyib-içirdilər. Azərbaycanın qlobal problemləri olan dövrdə qaçan, ölkə haqqında bir dənə də olsun dəyərli məqalə verməyən adamlar indi özlərini ziyalı adlandıraraq forum keçirirlər. Azərbaycanda inkişaf dövrü başlayandan sonra yadlarına düşüb ki, ziyalıdırlar. Hələ kiminsə dostu olmaq, yaxud elmi titula malik olmaq ziyalı olmaq deyil".


S. Novruzov Ziyalılar Forumuna yığışanların öz şəxsi problemlərini həll etmək istəyində olduğunu da deyib: "Rüstəm İbrahimbəyov bir nəfərin adını çəksin ki, indiyə kimi imkanlarından istifadə edərək Rusiyanın incəsənət, rejissorluq fakültələrində oxudub, yaxud oxumağa göndərib? Çəkə bilməz, çünki etməyib. Rafiq Əliyev deyir Lütfi Zadə ilə dostam. Halbuki Lütfi Zadədən istifadə edərək ABŞ-da, digər ölkələrdə yalnız öz övladlarının oxumağına kömək edib. Dağıstanın hansısa ali məktəbinin filialını bitirən vəkil Aslan İsmayılov isə həyat tarixi keçdiyini deyir. Soruşmaq lazımdır, hansı həyatı keçmisən? Sən Gürcüstan vətəndaşı olmusan. Yaxşı hüquqşünas olsaydın, Moskva Dövlət Universitetini, ən azı Tiflis Dövlət Universitetini bitirərdin. Şimali Qafqazda hansısa məlum olmayan bir institutu bitirib həyat yolu keçmişəm demək gülüncdür".

Bütün xəbərlər Facebook səhifəmizdə