Saytlara edilən haker hücumunda İran barmağı - ANALİZ

Saytlara edilən haker hücumunda İran barmağı - ANALİZ
Fars molla rejimi bu il də Azərbaycan əleyhinə təbliğatından geri qalmadı. Bir tərəfdən din pərdəsi altında edilən xırda ixtişaşlar, digər tərəfdən də sapı özümüzdən olan baltaların köməkliyi ilə törədilməyə cəhd edilən terror aktları. Bütün bunlarla kifayətlənməyən İran bu dəfə tam fərqli bir varianta əl atdı. Azərbaycanın informasiya məkanında iflic etməyə cəhd etdi. Müəyyən mənada buna nail olduğunu da deyə bilərik. Belə ki, Azərbaycanın bir sıra dövlət qurumlarının rəsmi saytlarına indiyədək görünməmiş miqyasda haker hücumu "dalğa"sı müşahidə edildi.

Məlum virtual hücumun İranda hansı qüvvələr tərəfindən təşkil olunması ilə bağlı müxtəlif fikirlər səslənir. Şübhəsiz, bu təkcə hansısa hakerlərin adi oyun həvəsi deyil. Bunda müəyyən maraqlı qüvvələr var. Ən çox səslənən versiyalardan biri bunun arxasında İranın rəsmi dairələrinin olması idi. Çünki, dağıdılan saytlara yerləşdirilən bəzi şüarlar bunu deməyə əsas verir.

Elə irəli sürülən versiya da öz təstiqini tapdı. Araşdırmalar zamanı məlum oldu ki, edilən hakker hücümları birbaşa İrandan törədilib. Milli QHT Forumunun prezidenti Rauf Zeyni də ölkə saitlarına edilən hakker hücumlarını İran tərəfində açıq şəkildə Azərbaycana edilən təhdid hesab edir. Onun fikirincə, ölkə rəhbərliyi tərəfindən bu kiberhücuma qəti şəkildə və sərt cavab verilməlidir: "Bu İran tərəfindən edilən ilk belə addım deyil. Bundan əvvəldə bir neçə dəfə İran din pərdəsi altında ölkəmizdə ixtişaşlar yaratmaqa çəhd edib. Eyni zamanda bir neçə gün əvvəl MTN-nin keçirdiyi əməliyyat nəticəsində din xadimlərinə və ölkəmizdə olan beynəlxalq qurumların nümayəndələrinə qarşı törədilməsi planlaşdırılan terror aktının qarşısının alınması da göstərir ki, İran Azərbaycana qarşı məkirli siyasət həyata keçirməyi planlaşdırır".

Rauf Zeyninin bildirdiyinə görə, Azərbaycanda beynəlxalq təşkilatların hər hansı bir nümayəndəsinin və ya din xadiminin ölkəmizdə terror qurbanına çevirmək Azərbaycanın dünyada olan nüfuzuna birbaşa mənfi təsir etmək deməkdir, eyni zamanda dünya dövlətlərini ölkəmizə qarşı yönləndirməkdir: "İran hakerlərinin dövlət əhəmiyyətli saitlara hücum etməsi isə bu mənfur siyasətin kulminasiya nöqtəsi idi. İran üzdə Azərbaycana dostluq olduğunu bildirsə də, arxada Ermənistana qardaş deyib onlara istənilən sahədə yardım edir. Bütün bunların qarşısını almaq üçün mütləq dövlət səviyyəsində İrana sərt cavab verilməlidir. Əks təqdirdə bu tip hallar bir daha təkrarlana bilər".

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə məsələyə hüquqi prizmadan yanaşır. Onun fikirincə, Azərbaycan Kiber Cinayətkarlığa qarşı Beynəlxalq Konvensiyaya qoşulduğuna görə, İrana qarşı sərt addımlar ata bilər. Belə ki, Azərbaycan 2009-cu ildən "Kiber Çinayətkarlığa qarşı Beynəlxalq Konvensiya"ya qoşulub. Konvensiyanın şərtlərinə əsasən isə hər hansı bir dövlətin ərazisində digər dövlətə qarşı cinayət işlənərsə o zaman həmin dövlət birbaşa məsuliyyət daşıyır. Osman Gündüz hesab edir ki, xüsusi xidmət orqanları, aidiyyatı qurumlar sözü gedən məsələ ilə bağlı dərhal reaksiya verib, daha ciddi addım ataraq Beynəlxalq təşkilatlara müraciət etməlidirlər. Konvensiyanın şərtlərinə uyğun olaraq İran cəzalandırılmalıdır. "Çünki bu Azərbaycana qarşı adi haker hücumu hesab edilmir. Bu ölkəmizə qarşı edilən bir müharibədir. Çünki adi haker hücumu adi saytları dağıdır. Bu isə rəsmi dövlət əhəmiyyətli saitların dağıdılmasıdır. Bax, bu əsl kiber müharibədir. Əgər dövlət strukturları öz saytlarını mühafizə edə bilmədilərsə, vətəndaşlar dövlətlə bağlı informasiya ala bilmirsə o zaman bu artıq ciddi məsələdir".

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri isə ölkəsinə haqq qazandırmaq üçün Azərbaycanın dövlət və ictimai strukturlarının saytlarına haker hücumlarının İranla heç bir əlaqəsinin olmadığını deyib. İsgəndəri bildirib ki, hər hansı ölkəyə qarşı haker hücumlarının olmasını tənqid edirik. Bu cür hərəkətlər güclü olmağın deyil, zəifliyin əlamətidir. Onun sözlərinə görə, bu cür məlumatlar Azərbaycan-İran münasibətlərinə zərər vermək və iki ölkənin mətbuatı arasında əməkdaşlığın inkişafını istəməyən bəzi qüvvələr tərəfindən atılmış addımlardır.

Xatırladaq ki, yanvarın 16-da Azərbaycanın rəsmi saytlarına haker hücumu olub. 30-dək rəsmi saytın iş rejimi iki saatadək pozulub.

Bütün xəbərlər Facebook səhifəmizdə