Elton Məmmədov: \"Dondurulmuş münaqişələrin həlli məsələsi GUAM-ın gündəliyinə salınıb\"

Elton Məmmədov: \"Dondurulmuş münaqişələrin həlli məsələsi GUAM-ın gündəliyinə salınıb\"

GUAM Parlament Assambleyası (PA), Baltik Assambleyası, Benilüks Parlamenti və Vışeqrad Sammitinin təmsilçilərinin iştirakı ilə Bakıda dördtərəfli görüş və beynəlxalq konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, bunu Azərbaycanın GUAM PA-da nümayəndə heyətinin rəhbəri Elton Məmmədov bildirib. Onun sözlərinə görə, məqsəd dörd qurumun birgə əməkdaşlığını genişləndirməkdir.

O, qeyd edib ki, toplantıda müzakirə olunacaq əsas məsələlərdən biri dondurulmuş münaqişələrin həlli olacaq: "GUAM dondurulmuş münaqişələrin həlli məsələsini daim gündəmdə saxlayır. Bakıda keçirilən "Sərhədlər üzərindən əlaqələrin qurulması" beynəlxalq konfransın yekununda qəbul olunan qətnamədə GUAM-ın üzvü olan ölkələrin ərazilərindəki dondurulmuş münaqişələrin beynəlxalq aləmdə tanınmış sərhədlər, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində sülh yolu ilə nizamlanması əksini tapıb. Baltik Assambleyasının Qafqaz regionunda münaqişələrin həlli ilə bağlı ayrıca qəbul etdiyi sənəddə üzv ölkələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin tərəfdarı olduqlarını bəyan ediblər".

Onun sözlərinə görə, dondurulmuş münaqişələrin həllinin müzakirə olunacağı konfransın təşkili PA-nın büro iclasında 2012-ci ilin gündəliyinə salınıb: "GUAM PA-nın bürosunda qəbul olunan razılığa əsasən bu il qurumun toplantılarında əsasən enerji, elm və təhsil, dondurulmuş münaqişələrin həlli, "Nabukko" layihəsinin reallaşdırılması və digər məsələlər müzakirə olunacaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə