Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının VII konfransı keçirilib

Saatlı şəhər mədəniyyət sarayında Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının VII konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Konfransda hesabat məruzəsi ilə çıxış edən təşkilatın sədri Lütvəli Şıxəliyev VI konfransdan ötən dövrdə görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı söhbət açıb.

Qeyd olunub ki, 70 ərazi ilk təşkilatında birləşən partiya üzvlərinin sayı 2 min 849 nəfərdən 6 min 793 nəfərə çatıb. YAP üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər.

Toplantıda çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Milli Məclisin deputatı Əhliman Əmiraslanov partiyanın yaranma tarixindən, onun keçdiyi şərəfli yoldan söhbət açaraq Yeni Azərbaycan Partiyasının banisi, ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətlərini yüksək qiymətləndiriblər. YAP-ın sədri, Prezident İlham Əliyevin ulu öndərin siyasi xətini uğurla davam etdirdiyini diqqətə çatdırıblar.

Konfransda nəzarət-təftiş qrupunun sədri Rahib Salahovun hesabatı dinlənilib. Sonra təşkilati məsələlərə baxılıb.

Konfransın qətnamə layihəsi qəbul edilib, YAP Saatlı rayon təşkilatının 47 nəfərdən ibarət şurası, 15 nəfərdən ibarət idarə heyəti və 7 nəfərdən ibarət nəzarət-təftiş qrupunun üzvləri seçilib.

Rayon icra hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Lütvəli Şıxəliyev yenidən YAP Saatlı rayon təşkilatının sədri seçilib.

Toplantıda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə