MTN İran-Azərbaycan marşrutu üzrə narkotik qaçaqmalçılığı ilə məşğul olan qrupu zərərsizləşdirib

MTN İran-Azərbaycan marşrutu üzrə narkotik qaçaqmalçılığı ilə məşğul olan qrupu zərərsizləşdirib
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən bu günlərdə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qaçaqmalçılığında və qanunsuz dövriyyəsində təqsirli bilinən şəxslər tutulub. Nazirliyin ictimai əlaqələr mərkəzindən SİA-ya verilən məlumata görə, MTN tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Azərbaycan vətəndaşları Bağırov Ramiz Qəzənfər oğlu, Quliyev İmran Ələkbər oğlu, İran vətəndaşı Nasirzadə Noşahr Oruc Mohammadalı oğlu və digərləri qabaqcadan əlbir olaraq satış məqsədi ilə külli miqdarda heroini gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək İrandan Azərbaycana gətiriblər. Müəyyən edilib ki, Ramiz Bağırov hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşına külli miqdarda narkotik vasitə sifariş verib və həmin narkotikin qaçaq yolla ölkəmizə gətirilməsini qrupun digər üzvü İmran Quliyevə tapşırıb. Bu məqsədlə qrupun üzvləri arasında külli miqdarda narkotik vasitənin sərnişin avtobusunun sürücüsü İran vətəndaşı Noşahr Nasirzadə ilə Azərbaycana göndərilməsi barədə razılıq əldə olunub. Bundan sonra Noşahr Nasirzadə idarə etdiyi SKANİA markalı avtobusda içərisində 500 qramdan artıq heroinin gizlədildiyi xüsusi hazırlanmış dörd ədəd laminat taxta hissəsini Azərbaycana gətirərək Lənkəran şəhəri yaxınlığında İmran Quliyevə təhvil verib, həmin heroindən 27,7 qramını isə özündə saxlayıb. İmran Quliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən yaxalanıb, baxış zamanı qeyd olunan dörd ədəd laminat taxta hissəsinin içərisində gizlədilmiş 500 qrama yaxın heroin aşkar edilərək götürülüb. Noşahr Nasirzadə də saxlanılıb və üzərindən 27,7 qram heroin aşkarlanıb. Milli Təhlükəsizlik Nazirliyinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində Gürcüstan vətəndaşları Səmədzadə Ənvər Ramiz oğlu, İlyazov Seymur Bariz oğlu, Kalayev Ramin İbrahim oğlu, Şərifov Mikayıl Hidayət oğlu, Kərimov Sair Rafael oğlu, İran vətəndaşı Mostafaei Mohammad Tagı Hossein oğlu, Azərbaycan vətəndaşları Abbasov Arif Salman oğlu və Abbasov Məmməd Salman oğlu saxlanılıblar. Müəyyən edilib ki, adları çəkilən şəxslər və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədi ilə külli miqdarda heroini gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək İrandan Azərbaycana gətiriblər. Məlum olub ki, qrupun üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən, Mohammed Mostafaei külli miqdarda, yəni təxminən 500 qram heroinə görə ödənilməli olan 4 min ABŞ dollarından 2 800 dolları aldıqdan sonra əldə etdiyi həmin narkotiki \"Pejo\" markalı avtomobilində gizlədərək qaçaq yolla İrandan Azərbaycana keçirib və Bakı şəhərinə gətirib. Hər iki faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılıb. Adları cəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Milli Təhlükəsizlik Nazirliyinin dərman vasitələrinin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşları - Səlimov Fariz Ramiz oğlu, Kiçibəyov Faiq Qələbəy oğlu və Nəbiyev Emin Akif oğlu saxlanılıblar. Müəyyənləşdirilib ki, Fariz Səlimov, Faiq Kiçibəyov, Emin Nəbiyev və qeyriləri qabaqcadan əlbir olaraq Türkiyədən əldə etdikləri, qanunçuluğun tələblərinə zidd olaraq dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman preparatlarını \"İstanbul-Bakı\" marşrutu üzrə işləyən müxtəlif sərnişin avtobuslarında gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Bakı şəhərində fəaliyyət göstərən ayrı-ayrı əczaxanalar vasitəsilə pərakəndə və topdan satışını təşkil ediblər. Qrupun üzvlərinə məxsus ofisə, mənzilə və avtomaşına keçirilmiş baxışlar zamanı külli miqdarda, ümumi dəyəri təqribən 12 600 manat olan qanunla dövlət qeydiyyatından keçməyən dərman preparatları aşkar edilərək götürülüb. Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar qaçaqmalçılıq), 200-1.2.1, 200-1.2.2 və 200-1.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanılıb. Fariz Səlimov, Faiq Kiçibəyov və Emin Nəbiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə