Azərbaycan Əfqanıstan tərəfindən təklif olunacaq investisiya layihələri üzərində işləməyə hazırdır
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının paytaxtı Brüssel şəhərində keçirilən ISAF-a (Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri) töhfə verən ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Elmar Məmmədyarov iclasda çıxış edərək bildirib ki, Əfqanıstandakı mövcud vəziyyət regional və qlobal təhlükəsizliyə ciddi şəkildə təsir edir. Nazir vurğulayıb ki, Azərbaycan Əfqanıstanda təhlükəsizliyin, sabitliyin və rifahın bərqərar olması üçün lap əvvəldən öz tövhəsini verməkdədir.
O deyib: "Azərbaycan Əfqanıstanla qeyri-hərbi sahədə əməkdaşlıq üçün tövhə verir. Əfqanıstanın mülki və hərbi qulluqçularına təlimlər vermək üçün praktiki layihələr həyata keçirilir. ANAMA ərazilərin minadan təmizlənməsi sahəsində əfqanıstanlı mütəxəssislərə həm Əfqanıstanda, həm də Azərbaycanda təlimlər keçib".
E.Məmmədyarov bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin və Əfqanıstan hökumətinin regionda narkotik vasitələrin axını ilə bağlı narahatlığını bölüşür.
Nazirin fikrincə, Azərbaycan Əfqanıstanın iqtisadi inkişafında maraqlı olan bir ölkə kimi, Əfqanıstan hökuməti tərəfindən təklif olunacaq investisiya layihələri üzərində işləyə bilər. Onun sözlərinə görə, hazırda Əfqanıstana investisiya qoyan və bu ölkədə fəaliyyət göstərən bir sıra özəl şirkətlərimiz vardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB