Ramiz Mehdiyev: “Pərdə arxasında erməni işğalçıları müdafiə olunur” - MÜNASİBƏT

"Qeyri-hüquqi vəziyyətin yaranmısa baxmayaraq, biz beynəlxalq birliyin susqunluğunu müşahidə edirik. Minsk qrupuna daxil olan ölkələrin Dağlıq Qarabağ probleminin həllindəki fəaliyyətini heç də qənaətbəxş hesab etmək olmaz". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Respublikası Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev "Müstəqilliyin iyirmi illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Adminstrasiya rəhbəri həmçinin qeyd edib ki, dünya ictimaiyyətinin gözü qarşısında bu dövlətlər uzun illərdir ki, Ermənistanın təcavüzünə son qoyulması, Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi üçün əllərini ağdan qaraya vurmayıblar. Azərbaycan xalqı çoxdandır ki, özü üçün aydın edib ki, pərdə arxasında erməni işğalçıları müdafiə olunur.

\"Eyni zamanda Minsk qrupuna həmsədrlik edən dövlətlər bilməlidirlər ki, Azərbaycan xalqının dözümünün hüdudları elə də geniş deyil, onun səbr kasası artıq dolub. Halbuki XX əsrin yaxın tarixindən bəllidir ki, beynəlxalq birlik təcavüz nəticəsində formalaşan oyuncaq dövlətləri heç zaman tanımayıb və ona qarşı daim mübarizə aparıb. Əks təqdirdə hansı dünya nizamından, hansı beynəlxalq təhlükəsizliyin və sülhün qorunması mexanizmlərindən söhbət gedə bilər?".


PA rəhbərinin sözlərinə görə, Dağlıq Qarabağdakı mövcud vəziyyət millətlərin qurmaq istədiyi gələcək ədalətli cəmiyyət və təhlükəsizlik üçün əsas təhdid mənbəyi olaraq qalır.


\"Beynəlxalq birlik öz səylərini artırmalı, beynəlxalq qanunun aliliyini rəhbər tutmalı və Ermənistanı beynəlxalq öhdəlikləri yerinə yetirməyə vadar etməlidir. Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Avropa Şurasında öz proqressiv mövqeyi ilə tanınan Azərbaycan vahid və universal dəyərlər, ideyalar ətrafında milli birliyin qorunmasını təmin etməklə yanaşı, öz spesifik xüsusiyyətləri ilə fərdlərin, azlıqların hüquqlarını tanıyır\", - R.Mehdiyev əlavə edib.


PA rəhbərinin sözlərinə görə, eyni zamanda Azərbaycanda hər bir fərd azad şəkildə etnik mənsubiyyətini təyin edib, özünə aid xüsusiyyətlərini inkişaf etdirə bilər: \"Millət dövlətin sərhədləri daxilində yaşayan, dil, din, etnik xüsusiyyətlərindən asılı olmayaraq bütün vətəndaşların cəmini əks etdirir. Dağlıq Qarabağda doğulan və yaşayan ermənilər Azərbaycanın Avropa Şurası və BMT qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq və Azərbaycan qanunvericiliyi çərçivəsində azad şəkildə fəaliyyət göstərə, Azərbaycan Konstitusiyasının verdiyi hüquqlardan istifadə edə bilər. Lakin təcavüz və əməkdaşlıq bir araya sığmır\".


R.Mehdiyev bildirib ki, Ermənistanın işğalçı siyasəti onu regional layihələrdən təcrid edib, bu ölkənin iqtisadiyyatını çətin vəziyyətə salıb: \"Mərhumiyyətlər qarşısında qalan Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir. Azərbaycanda isə 1994-cü ildən həyata keçirilən iqtisadi strategiya bu gün də uğurla davam etdirilir\".


İlkin Nəcəfli

Bütün xəbərlər Facebook səhifəmizdə