Həmsədrlərin növbəti turist səfəri

Həmsədrlərin növbəti turist səfəri

Sabah ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə səfəri gözlənilir. SİA BBC-yə istinadən xəbər verir ki, ATƏT ölkələrində və dir sıra region ölkələrində seçkilərin keçirilməsinə hazırlıq getdiyindən vasitəçilərin bölgəyə səfərindən münaqişə tərəfləri ciddi nəticə gözləmirlər.

Qeyd edək ki, indiki səfər də əvvəlkilər kimi təmas xəttində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında insidentlərin artması fonunda baş verir.

Cümə günü İrəvanda jurnalistlərlə görüşü zamanı Ermənistanın "Daşnaksutyun" Erməni İnqilabi Federasiyasının nümayəndəsi Kiro Manoyan deyib ki, yaxın iki il ərzində Qarabağ tənzimlənməsində hər hansı tərəqqi gözləməyə dəyməz.

Manoyan da fikrini gözlənilən seçki prosesləri ilə izah edir: "Bundan başqa, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş Azərbaycan problemin bu qurumda baxılmasına çalışacaq. Lakin bu, gözlənilən nəticəni verməyəcək. Çünki belə bir anlaşma mövcuddur ki, münaqişə məhz ATƏT-in Minsk Qrupu formatında həll olunmalıdır".

Manoyan yaxın dövrdə vasitəçilərin səyləri prosesdə irəliləyiş əldə etməyə deyil, hərbi əməliyyatların başlanmasına yol verməməyə yönəldiləcəyini bildirib.

Bakıda da səfərlə bağlı böyük nəticələr gözlənilmir. Lakin Azərbaycan bunu seçkilərlə əlaqələndirmir. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov da jurnalistlərə verdiyi açıqlamasında bildirib.

"Noyabrın sonlarında həmsədrlərin regiona səfəri gözlənilir. Lakin mən bu səfərdən bir şey gözləmirəm. Ermənistan keçmişdə olduğu kimi vəziyyətdən sui-istifadə edir. Ermənistan Azərbaycanın verdiyi konstruktiv təkliflərə cavab vermək əvəzinə, başqa yolu seçir", – deyə Araz Əzimov vurğulayıb.

Səfərin fransalı həmsədrin tanışlıq xarakteri daşıdığı barədə fikir yürüdənlər də var.


Bütün xəbərlər Facebook səhifəmizdə