Elman Məmmədov: “Həmsədr ölkələr işğalçı ilə işğala məruz qalan dövlətlərə bərabər münasibət göstərməməlidir” - MÖVQE

Elman Məmmədov: “Həmsədr ölkələr işğalçı ilə işğala məruz qalan dövlətlərə bərabər münasibət göstərməməlidir” - MÖVQE

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaxın günlərdə bölgəyə səfər edəcəyi gözlənilir. Fikrimcə, bu səfərlər bir nəticə verməlidir. Danışıqlar prosesinin intensivləşməsi müsbət hal olsa da, işğalçı Ermənistana qarşı ciddi tədbirlər görülmür". SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin idarə heyətinin üzvü Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, təcavüzkara qarşı beynəlxalq hüquq çərçivəsində lazımi addımlar atılmayınca, münaqişənin həllində hər hansı irəliləyişin olması inandırıcı deyil. Onun sözlərinə görə, beynəlxalq hüquq Ermənistana qarşı sanksiyaların tətbiq olunmasına tam imkan və əsas verir. Lakin beynəlxalq birlik tərəfindən hələ də sanksiya tətbiq olunmaması, ikili standartların davam etməsindən xəbər verir: "Təəssüf ki, işğalçı ilə işğala məruz qalan dövlətə bərabər münasibət göstərilir. Beynəlxalq birlik konkret mövqe ortaya qoymasa, həmsədrlər işğalçı Ermənistanı öz adı ilə çağırmasa Sarkisyan hakimiyyəti müxtəlif bəhanələrlə münaqişənin uzanmasına çalışacaq. Bütün bunlar isə Azərbaycanı öz torpaqlarını hərbi yolla işğaldan azad etmək məcburiyyətinə sövq edir"- deyə E.Məmmədov vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə