Maliyyə naziri sosial ipoteka haqqında danışıb

Maliyyə naziri sosial ipoteka haqqında danışıb

Milli Məclisin bu gün keçirilən iclasında vergilər naziri Fazil Məmmədov çıxış edib. SİA-nın xəbərinə görə, nazir ötən gün parlamentdə Mərkəzi Bankın sədrinin ölkədə vergi yükünün azaldılması təşəbbüsü ilə çıxışına cavab olaraq bildirib ki, Azərbaycanda vergi yükünün aşağı salınması barədə müzakirələrin aparılması yersizdir və ölkədə böyük vergi yükü yoxdur.

F. Məmmədovun sözlərinə görə, sosial vergi Azərbaycanda sosial ayırmalarla bir yerdə 21,5%, sosial ayırmalarsız 17,5% təşkil edir. Avropa İttifaqı ölkələrində isə bu göstərici 39,5%-ə bərabərdir.

Nazir onu da qeyd edib ki, kənd təsərrüfatının tamamilə vergidən azad edilməsi müddəti 5 il uzadılıb və təkcə kənd təsərrüfatında bu il vergidən azad olunma nəticəsində 2,4 mlrd. manatadək əlavə dəyər yaradılması gözlənilir.

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycanın 2012-ci il dövlət büdcəsinin layihəsində əmək haqlarının artırılması üçün 800 mln. manatın ayrılması nəzərdə tutulub: "Pensiya təminatı sahəsində də məbləğ kəskin artırılıb 2010-cu illə müqayisədə 40% artımdan söhbət gedir. Regionlarda su və kanalizasiya şəbəkələrinin yaradılmasına 7 mlrd. manat xərclənə bilər. Bu infrastrukturun yaradılması üçün əlavə vəsaitə ehtiyac var. Digər tərəfdən, keçən il və bu il təbii fəlakətlərin aradan qaldırılması üçün böyük vəsait ayrılır. Nəqliyyat infrastrukturu ilə bağlı layihələrimiz də var. Bakı-Tiflis-Qars layihəsinə icmal büdcənin hesabına vəsait ayrılır. Bu layihədən Azərbaycanın regionları da bəhrələnəcək".

Sosial İpotekaların verilməsi məsələsinə toxunan maliyyə naziri deyib ki, bəziləri bu vəsaitin ildə 600 ailəyə çatacağını bildirir, halbuki ildə 25 min ailəyə lazımdır. 25 min ailə üçün 1 mlrd. manatdan çox vəsait tələb olunur. Biz bunu davamlı verə bilərikmi? Bir çox ölkələrdə maliyyə böhranı böyük ipoteka kreditlərinin verilməsi ilə bağlı olub. Dövlət çox ucuz faizlə 20 ilə ipoteka krediti versə, bunu davam etdirmək çətin olar".

Daha sonra "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında" və "Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında" qanun layihələri parlamentin plenar iclasında müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com