Bahar Muradova: \"Dağlıq Qarabağda yaşayacaq azərbaycanlılar və ermənilər yaşayış qaydalarını birgə müzakirə etməlidirlər\"

Bahar Muradova: \"Dağlıq Qarabağda yaşayacaq azərbaycanlılar və ermənilər yaşayış qaydalarını birgə müzakirə etməlidirlər\"

Dağlıq Qarabağda birgə yaşayacaq azərbaycanlılar və ermənilər yaşayış qaydalarını birgə müzakirə etməlidirlər. SİA-nın məlumatına görə, bunu jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. Vitse-spiker deyib ki, icmaların görüşündə əsas məqsəd o insanların Azərbaycan vətəndaşı olaraq gələcəkdə birgə yaşayış qaydalarının birgə müzakirə edilməsidir.


\"Onlar bunu necə gördüklərini, necə təsəvvür etdiklərini müzakirə etməli, regionun idarə olunması ilə bağlı fikir mübadiləsi aparmalıdırlar, aralarında olan inamsızlığın aradan qaldırılması üçün tədbirlər görməlidirlər\", - B.Muradova bildirib.


O qeyd edib ki, ATƏT Parlament Assambleyasında Dağlıq Qarabağ məsələsi müzakirə olunarkən icmaların görüşlərinin keçirilməsi ideyasını irəli sürmüşdü. B.Muradova hesab edir ki, icmaların görüşlərinin keçirilməsinin təşəbbüskarı kimi daha çox beynəlxalq və regional qeyri-hökumət təşkilatların çıxış etməsi daha məqsədəuyğun olardı: \"Çünki biz bu görüşləri siyasiləşdirmək və danışıqlara alternativ kimi ortaya qoymaq istəmirik. İcmaların görüşü prezidentlərin, onların nümayəndələrinin, eləcə də Minsk qrupu həmsədrlərinin fəaliyyətinin alternativi ola bilməz. Bu, yalnız müəyyən mərhələdə prosesə təsir göstərə bilər\".


Noyabr ayının sonlarında Almaniyada Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün keçirilməsi planlaşdırılır.


Vitse-spiker Ermənistan tərəfinin və Dağlıq Qarabağda yaşayan erməni icmasının nümayəndələrinin icmaların görüşlərinin keçirilməsinin əhəmiyyətsizliyi barədə fikirlərinin elə də vacib olmadığını qeyd edib: \"Çünki ermənilər danışıqlar prosesində də qeyri-konstruktiv mövqe nümayiş etdirirlər\".

Bütün xəbərlər Facebook səhifəmizdə