Gəncədə bağçaların istilik problemi bu qış da öz həllini tapmayacaq-ARAŞDIRMA

Gəncədə bağçaların istilik problemi bu qış da öz həllini tapmayacaq-ARAŞDIRMA

Gəncədə bağçaların istilik problemi bu qış da həll edilməyəcək. Bölgə müxbirinin SİA-ya verdiyi məlumata görə, havaların soyuması ilə ölkənin ikinci böyük şəhərinin məktəbəqədər tərbiyə müəssisələrində dəyişən heç nə yoxdur. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Gəncədə fəaliyyət göstərən 46 bağçanın mərkəzi istilik sistemi sovetlər dönəmindən qalıb. Bu gün isə texnikalar yararsız vəziyyətdədir. Yaran vəziyyət isə nəticə etibarı ilə valideynlərin qayğılarını artırır. Rəsmi statistika görə, havaların soyuması ilə Gəncə şəhəri başda olmaqla ölkənin qərb bölgəsində uşaq bağçalarına övladlarını göndərən valideyinlərin sayı kəskin azalıb. Başqa sözlə desək, şaxtalı havalarda heç bir valideyn öz övladını soyuq və şəraitsiz otaqlara göndərmək istəmir. Bəzi məktəbəqədər tərbiyə müəssisələri mavi yanacaq, elektrik qızdırıcılarından, digər bu kimi cihazlardan istifadə etməklə dərmə-deşikləri bağlamaqla vəziyyəti aradan qaldırmağa çalışırlar. Hazırda bağçaya uşaq göndərib və az yaşlının xəstələnməməsinə zəmanət vermək isə olduqca çətindir. Şəhərin digər bağçalarında da vəziyyət eynilik təşkil edir. Məsələyə münasibət bildirən Gəncə şəhər Təhsil İdarəsinin rəisi Mahal Əliyevin sözlərinə görə, məktəbəqədər tərbiyə müəssisələrində mərkəzi istilik sisteminin quraşdırılmasına hələ gələn ildən başlanılacaq: "Valideyinlər bu qışı da uşaqlarını soyuq bağçaya göndərməli olacaqlar. Prosesin tam yekunlaşması isə 2013-cü ilə nəzərdə tutulub". İdarə rəisi təxminən iki il ərzində Gəncədəki uşaq bağçalarının mərkəzi istilik sistemi ilə təminatının tam yaxşılaşdırılacağını bildirdi. Hər halda səbr etməkdən başqa valideynlərin əlavə çarələri də qalmır. Görünür, şaxta özünü hiss etdirdiyi zaman yenə də Gəncədəki uşaq bağçaları boş qalacaq.


İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə