Ekvador BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzvlüklə bağlı seçkilərdə Azərbaycana səs verəcək
Bu gün Azərbaycan və Ekvador Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq protokolu imzalanıb. SİA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Aroka ilə görüşdən sonra keçirdiyi brifinqdə bildirib.
Ekvadorlu həmkarı ilə görüşdə enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunduğunu deyən E. Məmmədyarov qeyd edib ki, nazirlər humanitar sahədə bir sıra tədbirlərin keçirilməsi, parlamentlərarası əlaqələri gücləndirmək qərarına gəliblər: "Latın Amerikası ölkələrinin Azərbaycana marağı ildən-ilə artır: "Eyni zamanda, Azərbaycanın da bu ölkələrə marağı var. Yaxın vaxtlarda Azərbaycanın Braziliyada səfirliyi açılacaq".
Öz növbəsində, Rikardo Armando Patinya Aroka Azərbaycan və Ekvador arasında çox bənzərliyin olduğunu bildirib. O, qeyd edib ki, səfər iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə imkan verəcək: "Ekvador Azərbaycanla əməkdaşlıq etmək marağındadır. Ölkəmiz kakao, qızıl gül və bananı ilə məşhurdur. Azərbaycanla bu sahədə əlaqə qura bilərik. Azərbaycan isə Ekvador üçün investisiya layihələri və tikinti sahəsində əməkdaşlıq baxımdan maraqlı ölkədir".
Rikardo Armando Patinyo Aroka həmçinin Ekvadorun BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzvlüklə bağlı keçiriləcək seçkilərdə Azərbaycana səs verəcəyini deyib.
Xatırladaq ki, seçkilərdə Şərqi Avropa ölkələrindən üç dövlət - Azərbaycan, Macarıstan və Sloveniya namizədliyini irəli sürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB