“21-ci əsr yalnız qlobal intqerasiya deyil, həmçinin insan ləyaqəti əsri olacaq”
"21-ci əsr dialoq əsridir və mövcud problemlər yalnız dialoqlar yolu ilə qaydasına qoyula bilər. Tarixdə olduğu kimi, bu gün də tarixin qaranlıq səhifələrini açmaq istəmirlər. Biz həqiqətlər üzərində münasibət qurmaq istəyiriksə, bu dayaz düşüncədən imtina etməliyik". SİA-nın xəbərinə görə, bunu Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku Bakıda keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 21-ci əsrdə açıq cəmiyyətdə yaşamaq üçün irəli baxıb münasibətləri inkişaf etdirmək lazımdır: "Əks baxışlar isə təhlükə yarada bilər. Biz 21-ci əsrdə əlaqələri \"dost-düşmən\" münasibətləri üzərində qurmamalıyıq".
E.Konstantinesku bildirib ki, mövcud münaqişələr və postmünaqişələrin idarə edilməsi vacibdir: "Biz bu dünyada sülhün təminatı üçün mədəni diplomatiyadan istifadə etməliyik, beynəlxalq təşkilatların birgə səyi ilə dünyada sülhü təşviq etməliyik. İnsanlar arasında ortaq məxrəcə gəlmək üçün biz ən minimal deyil, maksimal məxrəclərdən istifadə etməyə hazır olmalıyıq. Bu gün artıq dünyada inancından və imanından asılı olmayaraq, biz sülhün bərqərar olmasına çalışmalıyıq. Ona görə ki, sülh Allahın adlarından biridir. Yalnız insan xudbinliyi sülhün yaranmasına maneə törədə bilər. Ona görə də 21-ci əsr yalnız qlobal intqerasiya deyil, həmçinin insan ləyaqəti əsri olacaq".
Qeyd edək ki, bu gün Bu gün Bakıda, "Gülüstan" sarayında "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə Beynəlxalq Humanitar Forum işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə keçirilən ikigünlük Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində plenar iclaslardan başqa yeddi paneldə "İnkişafın iqtisadi modellərinin humanitar aspektləri", "Dünyanı dəyişdirən müasir texnologiyalar", "Postmodernist mədəniyyətdə ənənəvi dəyər sistemləri", "Biotexnologiyalar və etika problemləri", "Multikulturalizm: nailiyyətlər və problemlər", "Sosial jurnalistika və yüksək texnologiyalar", "Elmlərin konvergensiyası" mövzularında diskussiyalar aparılacaq.
Forum iştirakçıları müasir inkişaf mərhələsində bəşəriyyəti narahat edən çağırışların həllinin fəlsəfi və humanitar aspektlərini müzakirə edəcəklər. Forumda Rusiya Federasiyasının Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin və dünyanın 20-dən çox ölkəsinin nümayəndəsi qatılıb.
Beynəlxalq Forumda iştirak etmək üçün dünyanın müxtəlif qitələrindən Bakıya gəlmiş ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri, nüfuzlu kütləvi informasiya vasitələrinin rəhbərləri deyirlər ki, Forum son dərəcə maraqlı və məzmunlu olacaq.
İlkin Nəcəfov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB