Əli Həsənov: “Fransanın Qarabağ münaqişəsinin həllinə fəal olaraq qoşulması ABŞ-ın da fəallaşmasını şərtləndirəcək” - AÇIQLAMA
"Azərbaycan istər soyqırımı, istərsə də sərhədlərin açılması ilə bağlı Fransa prezidenti Nikola Sarkozinin fikirlərini bölüşmür". SİA-nın verdiyi xəbərə görə, bunu Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.
Sarkozinin Ermənistanda səfərdə olarkən Türkiyənin hədələyən bəyanatla çıxış etməsinə münasibət bildirən PA-nın şöbə müdiri deyib ki, bu məsələ beynəlxalq siyasətin bir nəticəsidir: "Rəsmi Bakı istər Türkiyə və Azərbaycanın maraqları, istər Cənubi Qafqazda baş verənlər, istərsə də beynəlxalq məsələlərlə bağlı daim iki dövlətin maraqlarını bir tutub".
Ə.Həsənov jurnalistlərin suallarına cavab olaraq onu da bildirib ki, Fransa prezidentinin Azərbaycana və bölgəyə səfəri ilə ATƏT-in Minsk Qrupu çərçivəsində Rusiyanın problemin həlli ilə bağlı səylərinə əlavə olaraq Fransanın səyləri də qarışır.
PA rəsmisi bildirib ki, N.Sarkozinin bu səyləri Rusiyanın sıxışdırılması anlamına gəlməməlidir: "Rusiya ayrılıqda Qarabağ probleminin həlli ilə daha intensiv şəkildə məşğul olurdu. Düşünürük ki, Fransanın məsələyə bu şəkildə fəal olaraq qoşulması gələcəkdə ABŞ-ın da bu məsələdə fəallaşmasını şərtləndirəcək. Hər üç dövlət mövcud "status-kvo"nun dəyişməsini istəyir. "Status-kvo"nun dəyişməsi isə Dağlıq Qarabağ ətrafındakı vəziyyətin dəyişməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetirilməsi deməkdir".
Ə.Həsənov qeyd edib ki, Fransa prezidentinin səfəri Cənubi Qafqazda sülh yaratmağa əlavə töhfələr verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB