“Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” kitabı macar dilində

“Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” kitabı macar dilində

Azərbaycanın Macarıstandakı Səfirliyində Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyevin "Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi" kitabının macar dilində tərcüməsinin təqdimatı keçirilib. XİN mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Macarıstanın dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri, tanınmış alimlər, hüquqşünaslar, diplomatik korpus və KİV nümayəndələri iştirak edirdilər.

Tədbiri Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev açdı. O bildirdi ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə Macarıstan ictimaiyyətinin məlumatlandırılması baxımından macar dilində qeyd edilən kitabın nəşri olduqca vacib hadisə və təbliğat sahəsində atılan növbəti mühüm addımdır. Daha sonra kitabın müəllifi Namiq Əliyev çıxış etdi. O öz çıxışında kitabının məzmunu barədə məlumat verdi, Ermənistan-Azərbaycan münaqişəsi, onun tarixi və hazırkı durumu, habelə mümkün tənzimləmə yolları barəsində iştirakçılara məlumat verdi.

Həmçinin tədbirdə Macarıstan parlamentinin beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Marton Dyöndöşi, Macarıstan XİN-nin keçmiş Dövlət katibi, BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar qətnamələrin qəbul edildiyi dövrdə Macarıstanın BMT-də Daimi Nümayəndəsi səfir Andre Ördöş, Moldovanın Budapeştdəki səfiri A.Kodreanu, Azərtacın Almaniya müxbiri Vüqar Seyidov çıxış etmişlər. Çıxış edənlər Ermənistanı Azərbaycana qarşı təcavüzə son qoymağa çağırmış, münaqişənin həlli istiqamətində beynəlxalq birlik tərəfindən daha qətiyyətli addımların atılmasının zəruriliyini vurğulayıblar.

Tədbirin sonunda kitabın müəllifi N.Əliyev tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə