AZAL-ın eksperti: \"Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin eniş trayektoriyası uçuş yolu kimi təsdiq olunmayıb\"

AZAL-ın eksperti: \"Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin eniş trayektoriyası uçuş yolu kimi təsdiq olunmayıb\"

"Əfqanstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin qalıqları ilə bağlı məhkəmə-tibbi ekspertizasının nəticələri açıqlanıb. Nəticələrə əsasən məlum olub ki, təyyarənin qalıqları əvvəlcədən müəyyən olunmamış sektorda tapılıb". SİA-nın verdiyi xəbərə görə, bu barədə bu gün keçirilən mətbuat konfransında qəzanın səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycan tərəfdən rəhbəri, "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin vitse-prezidenti İlham Əmirov məlumat verib. O bildirib ki, təyyarənin tapıldığı yerdən uçuş trayektoriyası keçmir. Təyyarənin qaçırılma ehtimalının olmadığını deyən İlham Əmirov əlavə edib ki, qalıqlar aeroportdan 40-45 km məsafədə olub: "Həmin sektorda isə uçuşlar yerinə yetirilmir. Əfqanıstanın cənubundan keçməli olduğu halda, cənub-şərq istiqamətində qəzaya uğrayan təyyarənin uçuş trayektoriyasından çıxması təsdiqlənib. O sektorda təyyarə olmamalı idi. Eniş zamanı təyyarənin getdiyi trayektoriya uçuş yolu kimi təsdiq olunan istiqamət deyil. Təyyarənin uçuş marşrutu keçməyən yerdə qəzaya uğraması isə bizdə şübhə doğurur. Amma hələ ki, bunun nə səbəbdən baş verməsi məlum deyil. Həmin ərazidə hündürlük, aşağı enmənin, kənara çıxmanın nə qədər olduğu, qəzanın hansı səbəbdən baş verdiyi tədqiqatlar tam başa çatdıqdan sonra məlum olacaq".

O bildirib ki, hadisə yerindən obyektiv informasiyaların daşıyıcısı olan qara qutu tapılıb. Hər bir təyyarənin 2 qutusunun olduğunu deyən İ.Əmirov vurğulayıb ki, onlardan biri texniki sistemlərin fəaliyyətinə nəzarət edir, Digəri isə heyətin öz aralarında apardığı və yerdəki dispetçer xidməti ilə danışıqları yazır. Onun sözlərinə görə, ikinci qutu tapılıb və oradakı yazılar barədə məlumat Azərbaycan tərəfində də var: "Yazıların analizi göstərib ki, təyyarə nəzərdə tutulmuş uçuş marşrutundan kənara çıxıb. Bu günə kimi təyyarənin texniki vəziyyətini aşkar edən qutunun olması barədə hələ ki heç bir məlumat yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə