Lənkəran Dövlət Universitetində Bilik günü qeyd edilib

Lənkəran Dövlət Universitetində Bilik günü qeyd edilib

Ölkəmizin bütün ali, orta ixtisas və ümumtəhsil məktəblərində olduğu kimi Lənkəran Dövlət Universitetində də yeni dərs ili-Bilik günü geniş qeyd edilib. Qurumdan SİA-ya verilən məlumata görə, sentyabrın 15-də universitetin tədris korpusunda sıxlıq hökm sürüb. Bilik gününü əks etdirən şüarlar görkəmli yerlərdən asılıb. Ali məktəbə ilk dəfə qədəm qoyan tələbələr sevinclərini bir-birləri ilə bölüşüblər.

Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov yeni dərs ilinin başlanması münasibəti ilə tələbələri təbrik edib. Bildirib ki, yeni dərs ilində universitetdə 15 ixtisas üzrə 1554 tələbə təhsil alacaq. Bunun 81 nəfəri magistrant, 366 nəfəri bakalavrdır. O həmçinin qeyd edib ki, hazırda universitetdə 4 fakültə, 11 kafedra var. Bu il "Ekologiya və turizm işinin təşkili" kafedrası fəaliyyətə başlayacaq.

Yeni tədris ilində Lənkəran Dövlət Universitetində bakalavr üzrə kompüter elmləri, tarix, coğrafiya müəllimliyi, tərcümə (ingilis dili), ekologiya və turizm işinin təşkili üzrə yeni ixtisaslar açılıb.

Lənkaran Şəhər İcra Hakimiyyəti başçısının içtimai və siyasi məsələlər üzrə şöbə müdiri Əlimərdan Əliyev yeni tədris ili başlanması münasibəti ilə pedoqoji kollektivi təbrik edib və təhsil islahatları ilə əlaqədar qarşıda duran vəzifələdən danışıb.

Tələbələr adından çıxış edən, 500-dən çox balla ali məktəbə daxil olmuş Asel Rüstəmova, Şəhla Həsənzadə, Aygün Əlizadə və ikinci kurs tələbəsi Rüfanə Diyarova ürək sözlərini söyləyib, təhsildə və universitetin ictimai həyatında fəal iştirak edəcəkələrinə söz veriblər.

Universitetə yüksək balla daxil olanların bir qrupuna tələbə bileti təqdim edilib. Tədbirdə rayonun təhsil müəssisələri və ictimaiyyətin bir sıra nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə