AXCP sədri Əli Kərimlinin Müsavat başqanı İsa Qəmbərdən qisas almaq üçün çoxdan gözlədiyi əlverişli məqam hazırda yetişib. Radikal müxalifətin \"İctimai Palata\"sı paytaxtda keçirdiyi razılaşdırılmamış kütləvi aksiyalara ara verdikdən sonra, Müsavat Partiyasında həmin məsələlərdən dolayı dondurulumuş problemlər yenidən baş qaldırıb.
Bu siyasi təşkilatın \"İctimai Palata\"dakı müttəfiqi AXCP həmin çatışmazlıqları, İsa Qəmbər üçün problemə çevrilən çətinlikləri şişirtməkdə, obrazlı desək, qaşınmayan yerdən qan çıxarmaqda maraqlı görünür. Xatırladaq ki, icazəsiz aksiyalara ara verilən kimi AXCP sədrinin müavini Fuad Qəhrəmanlı yenidən öz ambisiyalı fikirləri ilə mətbuata çıxıb və bəyan edib ki, AXCP Müsavatla \"birləşəcək\"və bu məsələ hələ müsavatçılar üçün bitməyib. Yəni Müsavatın partiyasının payızda keçiriləcək qurultayı bunaqərar verəcək. F.Qəhrəmanlının bu mövqesi Müsavat partiyasında bölücülük və fitnəkarlıq kimi görünür. Öz daxilində ciddi problemləri olan, müavinlərdən birini yenicə itirmiş AXCP sədri Əli Kərimli isə sanki heç nə baş verməyibmiş kimi davranır və problemi Müsavatın daxilinə keçirməyə cəhd edir. Onu da xatırladaq ki, hələ \"İctimai Palata\"nın təşkilatçılığı ilə keçirilən razılaşdırılmamış kütləvi aksiyalardan əvvəl AXCP sədrinin müavini İbrahim Vəliyev istefa verərək partiyadan getmişdi. Amma AXCP istefa məsələsinin üstündən sükutla keçərək diqqəti başqa məsələlərə yönəltməyə hardasa müvəffəq oldu. Partiyanın sədri Ə. Kərimli bunun ardından mitinqləri tələskənliklə təxirə salıb, əsas diqqəti Müsavat partiyasında baş verənproseslərə yönəltdi. Müsavat partiyası daxilində isə sözün əsl mənasında həm ciddi. Həm də davamlı problemlər yaşanır.
Təxirə salınan \"qurultayın\" görünməyən tərəfləri
Artıq vəziyyət o həddə çatıb ki, partiya payız aylarına planlaşdırdığı qurultayı da təxirə salmağı planlaşdırır. Partiyanın rəhbər orqanları əvvəlcədən elan etmişdilər ki, qurultaya hazırlıq \"tam sürətlə\" gedir. Rayon təşkilatlarının hazırlıq konfransları isə başa çatıb. Lakin bununla bağlı başqa problemlər də mövcuddur. Məsələnin digər tərəfi də burasındadır ki, İsa Qəmbərin özündən sonra başqan görmək istədiyi əsas fiqurlardan biri-Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlum məsələlər üzündən həbs edilib və hazırda təcridxanadadır. Partiya Məclisinin sədri, Müsavatı idarə etməyə o qədər də gücü və qabiliyyəti olmayan Arzu Səmədbəyli isə qurultayın mütləq keçriləcəyini iddia edir. Bu isə onu deməyə əsas verir ki, A.Hacılın yerinə onun özü seçiləcək və başqan bunu qərarlaşdırıb.
Belə çıxır ki, Arzu Səmədbəyli artıq Arif Hacılının olmadığı bir şəraitdə zəif rəqibləri ilə mübarizə araracaq səviyyədə özünü hiss edir və başqan olmağa çalışır. Sabiq müsavatçı deputat bütün qrupları razı salacaq personaya daha çox bənzəyir. A.Səmədbəyli A.Hacılıdan fərqli olaraq çəkişmələrdən yayınmağı bacarır.O, çətinliklə də olsa, başqan səlahiyyətlərini müvəqqəti olaraq icra edə bilər. Lakin onun bu işin öhdəsindən davamlı gələcəyini Müsavatın özündə də reallıqla qarşılamırlar.
Arif Hacılı \"faktoru\" vəziyyəti mürəkkəbləşdirib
A.Hacılı həbsdə qaldığı halda da qurultayda başqan seçilə bilər. Nəzəri baxımdan bu, mümkündür. Amma A. Hacılının o halda adı başqan olacaq. İsa Qəmbər siyasətdən və başqanlıqdan çəkilirsə, faktiki olaraq partiyaya A. Səmədbəyli başqanlıq eləməlidir.O halda Səmədbəyli partiyada mövqelərini möhkəmlədəcək, öz komandasını formalaşdıracaq. Bundan sonra A.Hacılı həbsxanadan çıxsa belə, partiyada başqan ola bilməyəcək. Göründüyü kimi, onun təcridxanada olması və AXCP-nin təxribatları Müsavat daxilində vəziyyəti daha da gərginləşdirir. Müsavat AXCP ilə birləşməyə getsə, o zaman vəziyyət dəyişə bilər. Amma birləşməyə gedilməyəcək. O halda yeganə yol var - İsa Qəmbərin başqanlığa başqa, tamam bitərəf, partiya daxilindəki çəkişmələrdə iştirak etməyən namizəd tapması. Bu namizəd Pənah Hüseynovda ola bilər. Müsavatçı narazı elektoratın A. Hacılının yoxluğunda yeganə namizədi o ola bilər. P.Hüseynin kifayət qədər qeyri-standart qərarlar qəbul etməyi bacaran siyasətbaz olduğunu nəzərə alsaq, sual çıxır: İ. Qəmbərovbu riskə gedəcəkmi?
Hər halda proseslərin nəticəsi ilə yaxın zamanlarda tanış olacağıq. Sonda qeyd edək ki, AXCP və onun sədri səbirsizliklə Müsavatın payızda keçirilməsi planlaşdırılan qurultayını gözləyirlər. Hər halda nələrin baş verəcəyini görmək üçün, verilən proqnozları dəyərləndirmək üçün gözləməyə dəyər.
RÖVŞƏN RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB