Asəf Hacıyev: \"YAP-nın siyasəti nəinki daxildə eyni zamanda beynəlxalq aləmdə də qəbul olunub\" - AÇIQLAMA
SəsTV-nin bugünkü qonağı Yeni Azərbaycan Partiyası (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, millət vəkili Asəf Hacıyevdir
- Yeni Azərbaycan Partiyasının xarici ölkələrin mərkəzçi hakim partiyalar ilə əməkdaşlıq münasibətləri necədir?
- Bu yaxınlarda Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyinin qərar ilə partiyanın xarici əlaqələr şöbəsi yaradıldı. Əslində bu, təbii bir hal idi. Çünki YAP-nın əlaqələri getdikcə genişlənir, müxtəlif ölkələrin aparıcı partiyaları, eyni zamanda müxalifət partiyaları ilə əlaqələr qurur. Bunun bariz nümunəsi kimi qeyd etmək istərdim ki, bu yaxınlarda YAP-nın nümayəndə heyəti Rumıniyada olub. Orada hakim Demokratik Liberal Partiyası ilə müzakirələr aparmış və bu müzakirələr nəticəsində protokol imzalanmışdır. Bu protokol iki partiya arasında olan münasibətlərin inkişafı ilə bağlıdır. Avropada bu gün Avropa Xalqları Partiyası mövcuddur. Bu quruma həm fərdi, həm də partiyalar daxil ola bilərlər. Avropanın bütün aparıcı partiyalarının böyük əksəriyyəti bu quruma daxildir. YAP-nın bu partiya ilə də geniş əlaqələri var. Bu partiyanın prezidenti 8 dəfə Belçikanın baş naziri olmuş Hölfred Martin bir il bundan öncə Azərbaycanda olub. Cənab Martinin eyni zamanda kitabının təqdimatı da olub. YAP-ın gəncləri bu yaxınlarda hakim Demokratik Liberal Partiyasının dəvəti ilə Rumıniyada olublar və gənclərlə görüş keçiriblər. Hal hazırda Rumıniyanın nümayəndə heyəti Azərbaycana gəlib. Bu nümayəndə heyətinə müxtəlif qurumların nümayəndələri, siyasətçilər, elm və mədəniyyət xadimləri daxildir. Onu da qeyd edim ki, bu nümayəndə heyətinin Azərbaycana gəlmək səbəbi bununla bağlıdır ki, artıq Azərbaycan reallıqlarına onlar müxtəlif gözlə baxa bilərlər. Bu gün Azərbaycanda inkişaf hər istiqamətdə gedir. Həm siyasi baxımdan, həm iqtisadi baxımdan, həm də elm baxımından inkişaf gedir. Xarici nümayəndə heyətlərinin Azərbaycana gəlməsi Azərbaycanın siyasi partiyasının müxtəlif ölkələrə getməsi göstərir ki, partiyanın əlaqələri getdikcə genişlənir. Asiya Siyasi Partiyalarının Konfransı adlı təşkilat fəaliyyət göstərir. Bu təşkilata 53 Asiya ölkəsindən 90-na yaxın partiya daxildir və bu qurumun rəhbər strukturlarından biri Daimi Komitədir. Bu Daimi Komitəyə 20 ölkə daxildir və YAP-da bu quruma daxildir. YAP-ın siyasəti nəinki Azərbaycanın daxildə, eyni zamanda beynəlxalq aləmdə də təqdir edilir.
- Gələcəkdə qeyd etdiyimiz əlaqələrin digər xarici ölkələrin hakim partiyaları ilə qurulması perspektivi nəzərdə tutulurmu?
- Bu şöbənin yaradılmasının əsas məqsədi ondan ibarətdir ki, YAP-ın nəinki qurumu bu əlaqələri inkişaf etdirəcək. YAP-nın nümayəndə heyəti bir çox ölkələrdə olub. Məsələn Çin Xalq Respublikasında, Koreyada hakimiyyətdə olan aparıcı partiyaların dəvəti ilə bu ölkələrdə olub və bu əlaqələr həm avropa ölkələri ilə, həm asiya ölkələri ilə, həm də amerika ölkələri ilə davam etdiriləcək.
- Rumıniyanın hakim partiyasının nümayəndələri Azərbaycana səfəri daha çox hansı məzmunda idi və sizcə onlarda hansı təəssüratlar yaradıb?
- Qeyd edək ki, Türkiyədən sonra Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlətdir, eyni zamanda Rumıniya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyir və indiki nümayəndə heyətinin gəlişində də bu fikirlər səsləndi. Eyni zamanda bu da Rumıniyanın marağındadır ki, Azərbaycan üçün vacib olan Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun. Əlaqə yardıb inkişaf etdirdiyimiz digər sahələr də vardır ki, Azərbaycan və Rumıniya Qara dəniz iqtisadi əməkdaşlıq təşkilatına daxildir. Təşkilat çərçivəsində bu gün Azərbaycanla Rumıniya arasında çox gözəl əlaqələr yaranıb və bunları inkişaf etdirmək olar. Bildiyimiz kimi Azərbaycan neft və qaz ölkəsidir və bu gün Rumıniyada Qara dəniz sahilində bir çox neftayırma zavodları var. Rumıniya Azərbaycanın neft və qaz ehtiyatlarına maraq göstərir.
- Ulu Öndər Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişinin ildönümü qeyd edildi. Bu günlə bağlı, bu günün tarixi əhəmiyyəti və Azərbaycan xalqı üçün nə kimi əhəmiyyəti olduğundan danışasınız?
- Ulu öndər ilk dəfə Azərbaycanda Mərkəzi Komitənin birinci katibi seçiləndə mən o vaxt Moskva Dövlət Universitetinin birinci kurs tələbəsi idim. O zaman qərb mətbuatında belə bir kiçik yazı getmişdi. SSRİ-nin respublikalarından biri olan Azərbaycanda növbəti dəyişiklik baş verdi. Mərkəzi komitənin birinci katibi dəyişdi, hətta bunu əhəmiyyətsiz dəyişiklik kimi də qeyd edilmişdir. H. Əliyev hakimiyyətə gələndə Azərbaycan sovet respublikalarından biri olaraq iqtisadi baxımdan çox geridə qalmış bir respublika idi. Qısa bir zaman kəsiyində Azərbaycanda sənaye kənd təsərrüfatı inkişaf etməyə başladı. O vaxta nəzər salsaq bu gündə görərik ki Azərbaycanda bütün nəhəng tikililər Heydər Əliyevin adı ilə bağlıdır. Bu insan böyük işlər görmək üçün yaranmışdır və öz xalqının mədəni mənəvi dəyərlərinə bağlı olan bir insan idi. Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan xalqının ən ağır gününə təsadüf etdi və bu hakimiyyət xalqa kömək məqsədi güdürdü. 1969-cu ildə iqtisadi cəhətdən geridə qalmış Azərbaycan Sovet Respublikasına Heydər Əliyev rəhbər gəldikdən sonra iqtisadiyyat inkişaf etməyə başladı.
1993-cü il müstəqil Azərbaycan dövləti artıq vətəndaş müharibəsi vəziyyətində idi. Heydər Əliyevin ən böyük xidmətlərindən biri o olub ki, ulu öndər Azərbaycanda öz davamçısını yetişdirib. Bu gün Azərbaycan Respublikasına rəhbərlik edən şəxs Heydər Əliyev siyasətinin davamçısı, həm də bu siyasətə yeni nəfəs gətirən cənab İlham Əliyevdir. Heydər Əliyev çox işlər gördü və mən hesab edirəm ki, onun bir arzusu qaldı, o da sözsüz ki, Dağlıq Qarabağ məsələsinin həllidir. Amma mən inanıram ki, qısa bir zamanda elə bir gün gələcək ki, Azərbaycan bayrağı artıq Qarabağda dalğalanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB