Aydın Mirzəzadə: “Ermənistanda silah istehsal edəcək rus-erməni müştərək müəssiələrinin yaradılması real görünmür”

Aydın Mirzəzadə: “Ermənistanda silah istehsal edəcək rus-erməni müştərək müəssiələrinin yaradılması real görünmür”

"ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə bərabər münasibət saxlaması və hərbi gücün artırılmasına təsir etməməsi daha düzgün olardı". SİA-nın xəbərinə görə, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib. A.Mirzəzadə bildirib ki, Ermənistanda silah istehsal edəcək 9 rus-erməni müştərək müəssisəsinin yaradılması ilə bağlı layihənin reallaşması çox böyük şübhə doğurur.

Ermənistanla Rusiyanın quru sərhədinin olmadığını xatırladan A.Mirzəzadənin sözlərinə görə, yeganə yol İran və Rusiya ilə münasibəti pis olan Gürcüstanladır. O qeyd edib ki, həmin müəssisələrin təşkil edilməsindən başqa onların xammal, texniki avadanlıqlar, ehtiyat hissələri ilə təmin edilməsi məsələsi də var. Bunların təyyarə ilə daşınması isə həddindən artıq baha başa gələ bilər.

"Rusiya indiyə qədər Ermənistanda normal fəaliyyət göstərə bilən hansısa müəsisə yarada bilməyib. Sadəcə, Azərbaycanın hərbi sənaye kompleksinin yaranması Ermənistanda qıcıq yaradır. İşğalçı dövlət bu mənada Azərbaycana çatmağa çalışır. Ancaq Azərbaycanın imkanları, qurduğu əlaqələr Ermənistanda yoxdur və hətta müharibə bitəndən sonra da ola bilməz. Bu baxımdan, hesab edirəm ki, bu barədə yayılan məlumat düzgün deyil. Mümkündür ki, o qədər də əhəmiyyət daşımayan xırda istehsalat sahələri təşkil edilsin, ancaq bunu müəssisə adlandırmaq böyük şübhə altındadır", - deyə komitə sədrinin müavini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə