Sahibə Qafarova: “Problemlərin həlli üçün yetərli iradə göstərilməli, bu istiqamətdə israrlarımızı sürdürməliyik”
Avropa Şurası Parlament Assambleyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Sahibə Qafarova Avropa Demokratik Qrupun adından çıxış edib. Qadınların sosial və iqtisadi sahələrdə rəhbər vəzifələrdə fəaliyyətlərinə həsr olunmuş müzakirələrdə çıxış edən Azərbaycanlı millət vəkili qeyd edib ki, bu gün müxtəlif dövlətlərdə qadınların demokratik hüquqlarının pozulması dünyada insan hüquqlarının qorunmasını və demokratik dəyərlərin təşviq edilməsini özünün fəaliyyət prioriteti elan edən təşkilatları, o cümlədən Avropa Şurasını narahat edir: " Təbiidir ki, bu gün əsas beynəlxalq sənədlərdə cinslər arasında bərabərlik insanın başlıca hüquqlarından biri kimi təsbit edilir. Beynəlxalq hüquqda haqlı olaraq, qadınlar xüsusi subyekt kimi dəyərləndirilir, onlara hüquqlarının həyata keçirilməsi üçün geniş təminatlar müəyyən olunur. Bizlər isə bu təminatların reallaşdırılması, nəzəri cəhətdən mövcud olan yüksək dəyələrin praktikada tətbiq olunması üçün səylərimizi birləşdirməli, birgə hərəkət etməliyik. Nəzərə almaq lazımdır ki, qadınlar üçün bəyan edilən bərabər hüquqlar real bərabər imkanların olmaması üzündən çox vaxt gerçəkləşə bilmir. Əslində, bu kimi problemlərin aradan qaldırılması ilə bağlı Avropa Şurasının və təşkilata üzv ölkələrin böyük əksəriyyətinin yetərincə təcrübəsi olduğunu düşünürəm. Sadəcə olaraq, problemlərin həlli üçün yetərli iradə göstərilməli, bu istiqamətdə israrlarımızı sürdürməliyik. Bunun üçün isə qadınlara daha geniş hüquqların verilməsi, onların bütün sahələrdə təmsilçiliklərinin artırılması, fəaliyyət sferalarını təhsil, səhiyyə kimi ənənəvi istiqamətlərdən daha da genişləndirilməsi, iqtisadi, sosial sferalarda qadınların potensialdan səmərəli faydalanması kimi tədbirlər bu gün daha böyük nailiyyətlərin əldə olunmasına şərait yarada bilər".
Daha sonra ölkəmizdə qadınların müxtəlif sahələrdə təmsilçiliyinin artırılması istiqamətində görülən işlər haqqında da məlumat verən Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan dövlət müstəqilliyini 20 ildir ki, əldə edib. Buna baxmayaraq, bu dövlətçilik tarixi baxımından o qədər də çox olmayan bir periodda bütün sahələrdə olduğu kimi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində də çox ciddi nailiyyətlər əldə edib. "Ölkəmizin müxtəlif sahələrində aparılan islahatlar, vətəndaş cəmiyyətinin formalaşmasında vətəndaşların fəallığının artırılması yolunda görülən işlər qadınların cəmiyyətdəki rolunun artırılmasını da təmin edib. Bu gün Azərbaycan hökuməti qadınların iqtisadi sferada öz potensiallarını artırması üçün müxtəlif həvəsləndirici və təşviqedici tədbirlər görür. Qadınların biznes sahələri yaratması üçün dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, müxtəlif vakansiyalara qadınların cəlb olunması kimi tədbirlər bunlardan sadəcə bir neçəsidir. Eyni zamanda, kəndlərdə yaşayan qadınlarımızın özəl biznes və aqrar təsərrüfatını yaratması üçün də dövlət mühüm tədbirlər reallaşdırmışdır. Hesab edirəm ki, bu kimi tədbirlər bizim bu gün müzakirə etdiyimiz problemlərin həllində müsbət bir təcrübə kimi istifadə oluna bilər".
Sahibə Qafarova sonda bir daha vurğulayıb ki, qlobal təhlükəsizliyi ciddi şəkildə kölgə altına alan terrorizmin, regional münaqişələrin yaratdığı hədələrlə yanaşı, iqtisadi cəhətdən zəif inkişaf etmiş və ya inkişaf etməmiş ölkələrdə qadınların ən ali hüquqlarının pozulması, onların insan alverinin qurbanına çevrilməsi, cəmiyyətdən təcrid olunması kimi önümüzdə duran əsaslı problemlər bizi bu kimi məsələlərin həllinə daha artıq diqqət yetirməyə sövq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB