Elmar Məmmədyarov Gürcüstanın xarici işlər naziri və parlament spikeri ilə görüşüb

Elmar Məmmədyarov Gürcüstanın xarici işlər naziri və parlament spikeri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana rəsmi səfəri çərçivəsində cari ilin 13 iyun tarixində Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze və ölkə parlamentinin spikeri David Bakradze ilə görüşlər keçirib.

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyindən SİA-ya verilən məlumata görə, Gürcüstanın xarici işlər naziri həmkarı Elmar Məmmədyarovu salamlayaraq, intensiv səfərlər və görüşlərin keçirilməsinin iki ölkə arasında münasibətlərin daha da genişlənməsinə xidmət etdiyini vurğulayıb. Görüş zamanı hər iki tərəf müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıqdan məmnun qaldıqlarını ifadə etmiş və gələcək perspektivlər barədə fikir mübadiləsi aparıblar. İmzalanması nəzərdə tutulan sənədlər barəsində də geniş müzakirələr aparılıb. Nazir E.Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar barədə ətraflı məlumat verib. Görüşdən sonra mətbuat konfransı keçirilmiş, hər iki nazir jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Daha sonra nazir E. Məmmədyarov parlamentin sədri David Bakradze ilə görüşüb. Parlamentin sədri iki dövlət arasında müxtəlif sahələrdə əməkdaşlığın, xüsusilə parlamentlər arası əməkdaşlığın genişləndirilməsinin mühümlüyünü bildirib. Nazir E.Məmmədyarov parlamentlərarası diplomatiyanın vacibliyini vurğulamış , müxtəlif beynəlxalq təşkilatlarda iki ölkənin qanunvericilik orqanı arasında əməkdaşlığın daha da gücləndirilməsi zəruriliyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə