Azərbaycan futbolunun 100 yaşı tamam olur. Bu münasibətlə paytaxtımızda keçirilən yubiley tədbirlərinin ən möhtəşəmi Bakı Olimpiya Stadionunun təməlinin qoyulmasıdır.
SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və xanımı Mehriban Əliyeva Bakı Olimpiya Stadionunun təməlqoyma
mərasimində iştirak ediblər.
Tədbirdə, həmçinin FİFA-nın prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel
Platini, eləcə də dünya futbol ictimaiyyətinin görkəmli nümayəndələri,
federasiya rəhbərləri, futbol veteranları və digər qonaqlar iştirak ediblər.
Mərasim iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyevə məlumat verilib ki, metronun "Məşədi Əzizbəyov"
stansiyası dairəsindəki yol ayrıcının şimal hissəsində, Sabunçu rayonunda 50
hektarlıq ərazidə yerləşəcək və paytaxtda müasir tikinti üslubu, xüsusi
gözəlliyi ilə seçiləcək 65 min tamaşaçı yeri olan Bakı Olimpiya Stadionu bu
tipli müasir idman qurğuları sırasında özünəməxsus yer tutacaqdır. Beynəlxalq
standartlara tam cavab verəcək stadionda müxtəlif funksiyalı tribunalar, qaçış
zolağı və digər infrastruktur inşa ediləcək.
Bildirilib ki, daxili sahəsi 120830 kvadratmetr olacaq stadionda tikinti işləri
Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və
Azərbaycanın inşaat normativlərinə uyğun aparılacaq. Jurnalistlərin işləməsi
üçün nəzərdə tutulan bina 2 min kvadratmetrlik ərazini əhatə edəcəkdir.
Stadionun ətrafında ümumi sahəsi 13847 kvadratmetr olacaq hovuz yaradılacaq,
81574 kvadratmetrlik yaşıllıq sahəsi salınacaqdır. Ümumilikdə, 18 girişi olacaq
stadionda 41 lift quraşdırılacaq, 3617 avtomobili qəbul edəcək 7 dayanacaq
fəaliyyət göstərəcək.
Qeyd edildi ki, stadionun layihələndirilməsi ilə bağlı ilkin işlərə 2008-ci
ildən başlanıb. Müsabiqə elan olunub, bir çox yerli və xarici şirkətlərin
təkliflərinə baxılıb. İqtisadi səmərəlilik, müasirlik, funksional
xüsusiyyətlərin əlverişliliyi, paytaxtın arxitekturasına, habelə qoyulan
texniki şərtlərə uyğunluğu baxımından Türkiyənin "TOCA" şirkəti tərəfindən
təqdim olunan layihə konsepsiyası bəyənilmiş və layihələndirmə işləri həmin
konsepsiya əsasında aparılıb.
Məlumat verilib ki, stadionun ətrafı və tribunaların üstü hava şəraitindən
asılı olaraq özünütəmizləmə xüsusiyyətinə malik membran örtüklə bağlanacaq.
Stadionun yerləşəcəyi ərazinin inşaat üçün hazırlanması işləri Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) tikinti təşkilatları tərəfindən
həyata keçirilib. Həmin ilkin tədbirlərə indi də davam etdirilən ərazinin
abadlaşdırılması, habelə stadionun bünövrəsinin etibarlı qurulması məqsədi ilə
yeraltı svayların vurulması işləri daxildir. Bundan başqa, tammiqyaslı tikinti
üzrə xidmətlərin göstərilməsi üçün aparılacaq beynəlxalq tenderin şərtləri də
hazırlanır.
Sonra dünya və Azərbaycan futbolunun tarixindən bəhs edən film nümayiş olunub.
Dövlətimizin başçısı mərasimdə çıxış edib.
Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq deyib:
-Hörmətli qonaqlar.
Hörmətli xanımlar və cənablar.
Əziz dostlar.
Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün biz Azərbaycan
futbolunun 100 illik yubileyini qeyd edirik. Bizimlə bərabər bu bayram
tədbirlərində iştirak etmək üçün ölkəmizə gəlmiş bütün qonaqları səmimiyyətlə
salamlayıram. Xüsusilə FİFA prezidenti cənab Blatteri, UEFA prezidenti cənab
Platinini səmimiyyətlə salamlayıram. Sizin hər bir gəlişiniz Azərbaycanda
futbolun inkişafına yeni təkan verir və sizi qonaqlar arasında görmək bizim
üçün böyük şərəfdir.
Fürsətdən istifadə edərək, bir neçə gün bundan əvvəl FİFA prezidenti vəzifəsinə
yenidən seçilməyiniz münasibətilə, cənab Blatter, sizi ürəkdən təbrik edirəm.
İnamlı qələbəniz bir də onu göstərir ki, FİFA sizin rəhbərliyiniz altında çox
böyük və uğurlu yol keçmişdir, beynəlxalq futbol aləminin mütləq əksəriyyəti
sizin namizədliyinizi dəstəkləmişdir. Bir daha demək istəyirəm ki, sizin
rəhbərliyiniz altında FİFA qlobal təşkilata çevrilib. O təşkilata ki, onun əsas
idealları dostluq, qardaşlıq, sülh, ədalət anlayışlarıdır.
Bu gün biz futbolumuzun 100 illik yubileyini qeyd edərkən gələcəyə ümidlərlə
baxırıq. Ümid edirəm ki, Azərbaycanda futbolun inkişafı uğurlu olacaqdır.
Azərbaycan dövləti futbolun inkişafı üçün lazımi tədbirləri görür. Bildiyiniz
kimi, futbolun inkişafına dair Dövlət Proqramı bir neçə ildir ki, icra edilir.
Ölkə çempionatı maraq doğurur. Azərbaycanda futbolun kütləviliyinin təmin
edilməsi üçün praktiki addımlar atılır. Həm dövlət qurumları, həm Azərbaycan
Futbol Federasiyaları Assosiasiyası məqsədyönlü iş aparmaqla futbolun inkişafına
böyük töhfə verirlər. Ümid edirəm ki, bu səylər nəticəsiz qalmayacaq,
futbolçularımız beynəlxalq yarışlarda bizi sevindirəcəklər.
Futbolun inkişafı hər bir ölkə üçün vacibdir. Futbol ən sevimli idman növüdür.
Azərbaycanda da belədir. Biz çox istəyirik ki, uşaqlarımız, gənclərimiz,
yeniyetmələrimiz futbol seksiyalarına qoşulsunlar, futbolla məşğul olsunlar.
Bunu etmək üçün indi şərait daha da yaxşıdır. Son illərdə ölkəmizdə bir neçə
stadion istismara verilmişdir. Futbol meydançaları tikilir. Yəni, futbolun
kütləviliyinin təmin edilməsi üçün Azərbaycanda böyük işlər aparılır.
Bu gün cənab Blatterin, Platininin və digər qonaqların iştirakı ilə Bakıda yeni
stadionun açılışı qeyd olundu. Bu gün ölkəmizin ən böyük və ən müasir
stadionunun təməl daşı qoyulur. Ümid edirəm ki, iki-üç il ərzində bu ərazidə
möhtəşəm futbol arenası - 65 min yerlik yeni, müasir, bütün beynəlxalq
standartlara uyğun stadion istismara veriləcəkdir. Bu, nəinki Azərbaycanın,
ümid edirəm ki, bölgənin ən möhtəşəm, gözəl, yaraşıqlı və rahat stadionu
olacaqdır.
Stadionun tikilməsi bir daha onu göstərir ki, Azərbaycan dövləti futbolun
inkişafına dəstəyini əsirgəmir. Bundan sonra da çalışacağıq ki, biz
addımlarımızla futbolun inkişafına töhfə verək. Ancaq, əlbəttə ki, bizim ictimaiyyət
və futbol azarkeşləri futbolçularımızdan yaxşı nəticələr, gözəl qollar və
qələbələr gözləyirlər. Bu, bizim haqlı istəyimizdir. Ümid edirəm ki, görülən və
bundan sonra görüləcək işlər, xüsusilə gənc futbolçularımızın yetişdirilməsi,
seleksiya işinin düzgün təşkili nəticəsində futbolçularımız bizə futbol
sevincini bəxş edəcəklər.
Bizim bu sahədəki beynəlxalq əlaqələrimiz artır. Qeyd etmək istəyirəm ki, gələn
il Azərbaycanda ölkəmizin tarixində ən böyük və mötəbər futbol yarışı
keçiriləcəkdir. 17 yaşınadək qızlar arasında dünya çempionatı Azərbaycanda
keçiriləcəkdir. Bu, böyük məsuliyyətdir və mən ümid edirəm ki, bütün müvafiq
qurumlar hazırlıq işlərini lazımi səviyyədə aparacaqlar və bu çempionat
Azərbaycanda çox uğurlu keçəcəkdir.
Beynəlxalq əməkdaşlıq yüksək səviyyədədir. Bu gün Azərbaycan Futbol
Federasiyaları Assosiasiyası dünya futbol federasiyaları arasında öz yerini
tuta bilmişdir. Hesab edirəm ki, bu da futbolun inkişafı üçün çox vacib bir
amildir. Xüsusilə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının, Avropa
Futbol Assosiasiyaları İttifaqının rəhbərliyinə bir daha öz minnətdarlığımı
bildirmək istəyirəm. Çünki onlar tərəfindən Azərbaycana verilən dəstək bizim
üçün çox əhəmiyyətlidir. Ümid edirəm ki, futbol ictimaiyyətimiz öz növbəsində
futbolun inkişafı üçün əlavə ardıcıl, düşünülmüş addımlar atacaqdır.
Bu gün yenə də demək istəyirəm ki, çox əlamətdar və tarixi bir gündür. Futbolun
100 illik yubileyini qeyd edirik. Bu yüz ilin 20 ilini biz müstəqil
Azərbaycanda yaşayırıq. Eyni zamanda, möhtəşəm stadionun təməl daşının
qoyulması da tarixi hadisədir.
Bir daha bütün futbol ictimaiyyətini bu bayram münasibətilə ürəkdən təbrik
etmək istəyirəm. Bütün qonaqlara bir daha "Xoş gəlmisiniz!" deyirəm və yenə də
hesab edirəm ki, bütün azarkeşlər də mənim sözlərimə qoşulacaqlar. Yenə də
futbolçularımızdan böyük ümidlərlə qələbələr və uğurlar gözləyirik.
Sağ olun.
X X X
UEFA prezidenti Mişel PLATİNİ çıxış edərək deyib:
-Cənab Prezident.
Hörmətli birinci xanım.
Cənab federasiya prezidenti, icraiyyə komitəsinin və
Assosiasiyanın üzvləri.
Azərbaycanda olmağımdan böyük şərəf hissi duyuram. Belə bir gözəl gündə bu
mərasimdə iştirak etməkdən şərəf hissi duyuram. Biz elə indicə burada tikiləcək
bu böyük stadionun ilk çalarlarını gördük. Gördük ki, burada böyük tikinti işi
gedəcəkdir.
Ümumiyyətlə, bu şəhər mənim çox xoşuma gəldi. Cənab nazir, siz də bunu qeyd edə
bilərsiniz, Assosiasiyanızın prezidenti və o cümlədən icraçı katib də gördük ki,
imkanlar yaradılır, valideynlər öz övladlarını gətirirlər. Onlara bu şəraitdən
istifadə etmələri üçün imkan yaradırlar. Yəni, lap gənc yaşlarımda, bilirsiniz,
hətta deyərdim ki, mənim bu qədər imkanım, şəraitim olmayıb. Amma biz bu
şəraiti indi Azərbaycanda görürük. Təbii ki, məktəbdə də müəyyən şəraitlər var
idi, lakin bu qədər gözəllik yox idi.
Bir daha qeyd etmək istəyirəm ki, bu, bizim üçün böyük şərəfdir. Mən burada,
futbolun keçmişi barədə o qədər bilmirəm. Lakin cənab Prezident, Sizin
sözlərinizə şərik olaraq çox qısa onu deyə bilərəm ki, Azərbaycan futbolunun
böyük gələcəyi vardır.
Sağ olun.
X X X
FİFA-nın prezidenti Yozef BLATTER çıxış edib:
-Hörmətli cənab Prezident Əliyev!
Hörmətli birinci xanım və sizin hörmətli oğlunuz!
Hörmətli hökumət üzvləri, futbol həvəskarları, dostlarımız,
xanımlar və cənablar!
Bu gün həqiqətən əlamətdar bir gündür. Bu, elə bir gündür ki, ölkə və
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası çox möhtəşəm bir tədbiri qeyd
edir. Bu ölkədə futbolun 100 illiyi qeyd olunur. Bəli, FİFA-nın bütün üzvləri
burada olmasa da, - bizim üzvlərimizin sayı 200-dən artıqdır, - hamısının
adından deyə bilərəm ki, onlar bu gözəl oyunun məhz 100 il bundan öncə burada
təşəkkül tapdığını bilməkdən çox şad olardılar.
Mən böyük şərəf hissi ilə, həmçinin bu gün yeni tikiləcək stadionun təməlqoyma
mərasimində də iştirak edirəm. Əslində bu, çox gözəl, möhtəşəm bir qurğu olacaq
və 60 mindən artıq futbol azarkeşi bu stadiona gəlib futboldan həzz ala
biləcəkdir. Bu, əslində Assosiasiyanın da apardığı çox böyük işin nəticəsidir.
Ümumiyyətlə, bu addımın atılması çox böyük bir hadisədir. Ona görə mən istərdim
ki, həmçinin sizin başqa planlarınız varsa digərlərini də tanış etsinlər, hətta
digər memarlar da gəlib tanış olsunlar. Çünki bu, həqiqətən çox yaddaqalan, çox
gözəl bir layihədir. Bu baxımdan, bu stadion, cənab Prezident, Siz bunu artıq
qeyd etdiniz, həmçinin o məqsədə xidmət edəcəkdir ki, FİFA 2012-ci ildə
Azərbaycanda 17 yaşlı yeniyetmə qızlar arasında çempionat təşkil edəcəkdir. Bu
da bizim üçün böyük şərəfdir. Mənə futbolun tarixi haqqında məlumat verildi və
qeyd edildi ki, məhz Siz mini futbol üzrə 5 nəfərdən ibarət iki komandanı
yaradanlardan birisiniz. Bu da neçə illər bundan əvvəl baş tutubdur.
Biz futbolun digər aspektlərindən söhbət açsaq, mən onu demək istərdim ki,
Sizin bir qəhrəmanınız olubdur. Bəlkə də o, futbol oyunçusu olmayıb, lakin
söhbət burada Tofiq Bəhramovdan gedir. O, tarixdə iz qoyan bir şəxs olubdur.
Biz bir neçə il bundan öncə Sizin şəhərinizdə onun abidəsinin açılışı
mərasimində bir yerdə iştirak etdik.
Əslində futbol klassik üsluba malik olan bir oyundur. Bu, klassik, tragik bir
formada öz təşəkkülünü tapan bir oyundur. Çünki burada həm vaxt, həm güc, həm
böyük enerjinin sərf edilməsi tələb olunur. Futbol bu deməkdir.
Cənab Prezident, Siz burada öz şərhlərinizi verdiniz. Mən Sizin dediklərinizə
şərik çıxıram və Mişel də əslində bu idman kompleksi haqqında danışdı.
Futbol insanları birləşdirir, bir araya gətirir. Mən çox şadam ki, Assosiasiya
prezidentinin qeyd etdiyi kimi, bütün bu qurğular futbolla məşğul olmaq
istəyənlərin hamısı üçün açıq olacaqdır. Futbol insanların, cəmiyyətin
oyunudur. Ona görə, qapılar açıq olacaqdır. Bu baxımdan futbol, həmçinin
mədəni, sosial rol oynaya bilər. Bəlkə də o qədər yüksək səviyyədə mədəniyyət
sahəsi olmasa da, - bilirik ki, siz Avropa mahnı müsabiqəsində böyük qələbə
qazandınız, - əslində bu oyunun özündə də ədalət, hörmət və fiziki ruh vardır.
Ona görə, hörmətli xanımlar və cənablar, bu ədalətli oyun ruhunun cəmiyyətimizə
gətirilməsində məhz futbol vacib bir məsələdir. Futbol qarşısına qoyduğu bu
məqsədə nail olur. Bir daha deyirəm ki, futbol insanlar, millətlər üçün olan
bir oyundur.
İndi isə bizim gözəl bir fürsətimiz olacaqdır. Biz təməlqoyma mərasimində
iştirak edəcəyik. Yeni tikiləcək stadionun təməlini qoyacağıq və iki il yarım,
üç ildən sonra siz çox gözəl, xüsusi bir futbol arenasının şahidi olacaqsınız.
Belə bir möhtəşəm işin görülməsi cənab Prezident İlham Əliyevin qətiyyəti və
müdrik rəhbərliyi sayəsində mümkün olacaqdır. Çünki bilirsiniz, cənab Prezident
bunu istəyir. Mən bu ölkəyə ilk səfərimdən etibarən bu günə qədər baş vermiş
dəyişikliklərə heyranam. Sözün əsl mənasında, bunların qarşısında baş əymək
lazımdır.
Biz bilirik ki, Sizin ölkənin hər bir yerində, hər bir guşəsində idmana böyük
diqqət göstərilir. Bu, nəinki siyasət, nəinki iqtisadiyyat, ümumiyyətlə bütün
digər sahələrlə müqayisədə çox yüksək səviyyədə görülən işlərdir. Elə indicə
mən buraya gələrkən gözəl bir fotoşəkil gördüm. Gördüm ki, cənab Prezident, Siz
çox gözəl bir mövqedə dayanıb ayağınızla topu vurursunuz. Mən istərdim ki, kaş
bütün ölkə rəhbərləri futbola belə yanaşaydılar, bu cür yanaşma nümayiş
etdirəydilər. Yəni demək istəyirəm ki, Azərbaycanda futbol da etibarlı
əllərdədir.
Bütün bu işlərə görə Sizə "çox sağ olun" deyirəm, cənab Prezident! Futbol üçün gördüyünüz
bütün işlərə görə çox sağ olun.
Bu, faydalı işlərdir. Bu, Sizin gəncliyiniz, gəncləriniz üçün daha parlaq
gələcəyin təminatıdır. Bütün digər ölkələr, qonşu ölkələr, hətta uzaqda
yerləşən ölkələr də çalışırlar. Onlar da istəyirlər ki, bu prosesdə iştirak
etsinlər.
Mən bu gün burada FİFA-nın prezidenti kimi, təxminən 200-ə yaxın assosiasiyanı
təmsil edirəm. Həmin assosiasiyaların prezidentləri də burada əyləşiblər.
Fürsətdən istifadə edərək onların da adından, cənab Prezident, Sizi xüsusi
olaraq təbrik edirəm. Həmçinin Sizin milli futbol təşkilatınızı təbrik edirəm.
Bildiyiniz kimi, futbol gözəl idman növüdür. Hər zaman deyirəm ki, futboldan
həzz alın. Amma ən vacibi odur ki, həmçinin həyatdan da həzz alasınız. Çox sağ
olun!
X X X
Daha sonra stadionun təməlqoyma mərasimi olub.Dövlətimizin başçısı metal gilizi rəmzi topun içərisinə qoyub. Prezidentin oğlu Heydər Əliyev topu rəmzi qapıya vuraraq bünövrəyə salıb.
Prezident İlham Əliyev, FİFA-nın prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini beton qarışığı tökən qurğunu işə salıblar, mərasimdən xatirə olaraq saxlanılacaq futbol topunu imzalayıblar.
Sonra xatirə şəkli çəkdirilib.
Mərasimdə iştirak edən qonaqlar Prezident İlham Əliyev ilə söhbətlərində bir daha dövlətimizin başçısına Azərbaycanda idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkür ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB