"Qlobal miqyasda Azərbaycan–Almaniya tərəfdaşlığının yeni nəticələrini və təsirlərini görəcəyik" - ŞƏRH

"Qlobal miqyasda Azərbaycan–Almaniya tərəfdaşlığının yeni nəticələrini və təsirlərini görəcəyik" - ŞƏRH

"Almaniya ilə Azərbaycan arasında bir neçə gün əvvəl imzalanmış sənədlər iki ölkə arasındakı münasibətlərin yeni mərhələsinin çərçivəsini müəyyənləşdirir. Bu çərçivə kifayət qədər genişdir. Almaniya–Azərbaycan münasibətlərinin yeni mərhələsi iqtisadiyyatın müxtəlif sahələrini və strateji dialoqu əhatə edir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, yeni mərhələdə ticarət, iqtisadiyyat, investisiyalar, rəqəmsal texnologiyalar, humanitar sahə, təhsil və mədəni əlaqələr üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur:

"Xüsusilə strateji tərəfdaşlıq sənədinin imzalanması Almaniya ilə münasibətlərin bundan sonrakı mərhələsində yeni imkanların yaranacağını deməyə əsas verir. Eyni zamanda Azərbaycanda bərpa olunan enerji infrastrukturunun inkişafı və işğaldan azad olunmuş ərazilərə Almaniya kapitalının cəlb edilməsi ölkəmiz üçün mühüm perspektivlər yaradır. Böyük ehtimalla, yeni mərhələdə bu istiqamətdə konkret addımlar atılacaq.

Bununla yanaşı, Azərbaycan ilə Almaniya arasında biznes əlaqələrinin inkişafı üçün də yeni imkanlar formalaşıb. Azərbaycanın Almaniya bazarına, Almaniyanın isə Azərbaycan bazarına marağı var. Hər iki ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması iş adamlarının qarşılıqlı fəaliyyətini əhəmiyyətli dərəcədə canlandıra bilər.

Azərbaycan–Almaniya strateji tərəfdaşlıq sənədi siyasi baxımdan da mühüm əhəmiyyət daşıyır. Bu, Azərbaycanın strateji tərəfdaşlıq münasibətlərində olduğu Avropa ölkələrinin sayının artması deməkdir. Məlumata görə, Almaniya Azərbaycanın strateji tərəfdaşları sırasında növbəti Avropa ölkəsi kimi yer alır.

Bu isə o deməkdir ki, həm regionda, həm ikitərəfli münasibətlərdə, həm də qlobal miqyasda Azərbaycan–Almaniya tərəfdaşlığının yeni nəticələrini və təsirlərini görəcəyik.

Eyni zamanda Almaniyanın Ermənistanla da yaxşı münasibətlərə malik olması, onun Ermənistanı sülh prosesinə təşviq etmək imkanlarını artırır. Yeni mərhələdə Almaniyanın Ermənistanın sülhə təşviq olunması istiqamətində daha fəal rol oynayacağı gözlənilir.

Bundan əlavə, Almaniyanın Avropa strukturlarında güclü təmsilçiliyi Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə də müsbət təsir göstərə bilər. Çünki bəzi Avropa qurumlarında Azərbaycana qarşı qərəzli yanaşmaların şahidi oluruq. Belə bir şəraitdə Almaniyanın Avropa təsisatlarında, o cümlədən Avropa Parlamentində təmsil olunan nümayəndələrinin Azərbaycana daha obyektiv münasibətin formalaşmasına müəyyən təsir göstərə biləcəyi istisna edilmir.

Almaniya–Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi yaxın gələcəkdə iki ölkə arasında əməkdaşlığın daha da genişlənəcəyinə və mühüm dəyişikliklərin baş verəcəyinə əsas verir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə