Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın regional və qlobal səviyyədə artan rolu, eləcə də beynəlxalq arenada həyata keçirdiyi fəal əməkdaşlıq siyasəti nüfuzlu beynəlxalq təşkilatlar və müxtəlif dövlətlərlə münasibətlərin yüksək səviyyədə qurulmasına geniş imkanlar yaradıb. Müstəqil dövlətimizin milli maraqlara əsaslanan xarici siyasəti nəticəsində ölkəmizin müstəqilliyinin təməli daha da möhkəmlənib. Suverenliyini və ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycan bir çox dövlətlərlə yanaşı, Slovakiya ilə də münasibətlərin dərinləşdirilməsi və yeni strateji səviyyəyə yüksəldilməsi istiqamətində mühüm qərarlar qəbul edib, sənədlər imzalayıb. Bu isə dövlətlərarası əlaqələrin dinamik inkişafına əhəmiyyətli töhfə verib.

İyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin ölkəmizə rəsmi səfəri iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada və tərəfdaşlığa əsaslanan dinamik inkişafının növbəti təzahürüdür. Səfər çərçivəsində ikitərəfli əməkdaşlığın perspektivlərinə dair aktual məsələlər müzakirə olunub, dövlət başçıları arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlər keçirilib, mətbuata birgə bəyanatlar verilib.

Məlum olduğu kimi, Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və yol tikintisi ilə yanaşı, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsində iştirak edirlər. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik enerjisi, ətraf mühitin mühafizəsi və tikinti sahələrində əməkdaşlığın genişləndirilməsində xüsusi maraq göstərir.

Əməkdaşlığın diqqətçəkən istiqamətlərindən biri də Slovakiya şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi layihələrdir. Bu gün Azərbaycanın əsas prioritetlərindən biri azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsidir. Dost və tərəfdaş ölkələr də bu prosesə öz töhfələrini verirlər.

Prezident İlham Əliyev bu barədə bildirib: "Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir və biz bu gün cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Orada Slovakiya şirkəti "Ağıllı kənd" layihəsini icra edir və bu layihə ilə tanış olacağıq. Bu dəstəyə və Qarabağın bərpasına verdiyiniz töhfəyə görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm."

Əminliklə demək olar ki, Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə yüksəlməsinə mühüm təkan verəcək, ikitərəfli münasibətlərin gələcək inkişafı üçün yeni imkanlar açacaq.

Şəbnəm İbrahimli, “Miqrasiya Könüllüsü” İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə