“Azərbaycan Ordusunun uğurları güclü dövlət və xalq birliyinin nəticəsidir“ - DEPUTAT DANIŞDI

“Azərbaycan Ordusunun uğurları güclü dövlət və xalq birliyinin nəticəsidir“ - DEPUTAT DANIŞDI

“Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi inkişaf yolu müasir dövlət quruculuğunun ən mühüm nailiyyətlərindən biri hesab olunur. Müstəqilliyin ilk illərində mürəkkəb siyasi və hərbi şəraitdə formalaşmağa başlayan Azərbaycan Ordusu bu gün regionun ən güclü silahlı qüvvələrindən birinə çevrilib. Ordunun inkişafı ölkənin milli təhlükəsizliyinin təmin edilməsi, ərazi bütövlüyünün qorunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında Ümummilli Lider Heydər Əliyev müstəsna rol oynayıb:

” 1993-cü ildən etibarən həyata keçirilən hərbi islahatlar nəticəsində nizami ordu quruculuğunun əsasları yaradılıb, vahid komandanlıq sistemi formalaşdırılıb və hərbi intizam gücləndirilib. 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı ilk milli korpusun şərəfinə 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan olunması milli hərb tariximizin varislik ənənələrinin qorunmasına xidmət edən mühüm addımlardan biri olub”

Komitə sədri vurğulayıb ki, sonrakı dövrdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi:

”Müdafiə xərclərinin artırılması, müasir silah və hərbi texnikanın alınması, peşəkar hərbi kadr hazırlığının genişləndirilməsi və beynəlxalq hərbi əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycan Ordusunun döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb oldu.

Azərbaycan Ordusunun gücü və peşəkarlığı xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində özünü bütün dünyaya nümayiş etdirdi. Müharibə nəticəsində işğal altında olan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları və Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri azad edildi. Şuşa əməliyyatı müasir hərb tarixində xüsusi yer tutur. Çətin relyef şəraitində ağır texnika olmadan həyata keçirilən bu əməliyyat dünyanın bir sıra hərbi ekspertləri tərəfindən XXI əsrin ən uğurlu hərbi əməliyyatlarından biri kimi qiymətləndirilib.

2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə Azərbaycanın öz suverenliyini tam bərpa etməsi ilə nəticələndi. Cəmi bir gün davam edən bu əməliyyat Silahlı Qüvvələrin yüksək hazırlıq səviyyəsini, koordinasiyalı fəaliyyətini və müasir döyüş imkanlarını bir daha nümayiş etdirdi. Bununla da Azərbaycan Respublikası öz ərazi bütövlüyünü və konstitusiya quruluşunu tam şəkildə təmin etmiş oldu.

Müasir dövrdə hərbi təhlükəsizlik yalnız silahlanma ilə deyil, həm də texnoloji üstünlük, rəqəmsal idarəetmə, kəşfiyyat imkanları və peşəkar insan resursları ilə ölçülür. Azərbaycan Ordusunun inkişaf strategiyasında pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli silah sistemləri, kibertəhlükəsizlik və xüsusi təyinatlı qüvvələrin hazırlığı mühüm yer tutur. Bu istiqamətdə əldə olunan nailiyyətlər ölkənin müdafiə potensialını daha da gücləndirir.

Güclü ordu hər bir dövlətin müstəqilliyinin və təhlükəsizliyinin əsas təminatçısıdır. Azərbaycan Silahlı Qüvvələrinin qazandığı tarixi qələbələr xalqımızın milli birliyinin, vətənpərvərliyinin və dövlətə bağlılığının parlaq təzahürüdür. Bu gün Azərbaycan Ordusu yalnız ölkənin sərhədlərini qoruyan hərbi qüvvə deyil, həm də regionda sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasına töhfə verən mühüm institut kimi çıxış edir. Ordumuzun keçdiyi şərəfli yol və qazandığı zəfərlər Azərbaycan dövlətinin gücünün, xalqımızın iradəsinin və milli həmrəyliyinin ən parlaq nümunələrindən biridir.

Biz Silahlı Qüvvələrimizlə qürur duyuruq və Ordu Gününü xalqımızın ən əziz bayramlarından biri kimi qeyd edirik. Azərbaycan Ordusunun hər bir hərbi qulluqçusuna möhkəm can sağlığı, uğurlar və şərəfli xidmət arzulayırıq”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə