"2020-ci ildə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər ölkənin həyatında yeni inkişaf mərhələsinin əsasını qoydu. Ərazi bütövlüyünün və suverenliyin bərpası ilə yanaşı, dövlət qarşısında dayanan əsas vəzifələrdən biri də müxtəlif sahələrdə institusional islahatların dərinləşdirilməsi idi".
Bu sözləri SİA -ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, məhz bu baxımdan Prezident İlham Əliyevin Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra media sahəsində islahatların genişləndirilməsi təşəbbüsü ilə çıxış etməsi xüsusi əhəmiyyət daşıyır:
"Bu addım ilk növbədə onu göstərir ki, media cəmiyyətin inkişafında, milli maraqların qorunmasında və dövlət siyasətinin ictimaiyyətə çatdırılmasında mühüm institutdur. Müharibə dövründə informasiya məkanında aparılan mübarizə bir daha sübut etdi ki, müasir dünyada qələbə həm də informasiya cəbhəsində qazanılır. Azərbaycan mediası Vətən müharibəsi zamanı reallıqların dünya ictimaiyyətinə çatdırılmasında, dezinformasiyalara qarşı mübarizədə və milli həmrəyliyin gücləndirilməsində mühüm rol oynadı. Məhz buna görə də postmüharibə dövründə medianın daha müasir, peşəkar və dayanıqlı əsaslar üzərində inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bu çərçivədə media qanunvericiliyinin təkmilləşdirilməsi, jurnalist fəaliyyətinin hüquqi əsaslarının gücləndirilməsi, media subyektlərinin institusional inkişafının dəstəklənməsi və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımlar atıldı.
Media sahəsində həyata keçirilən islahatlar həm də yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın informasiya imkanlarının genişləndirilməsinə xidmət edir. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, regionda formalaşan yeni əməkdaşlıq mühiti, Azərbaycanın beynəlxalq nüfuzunun artması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması güclü və peşəkar medianın mövcudluğunu zəruri edir.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, media cəmiyyətin güzgüsüdür və sağlam ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Buna görə də medianın müstəqilliyinin, peşəkarlığının və məsuliyyətinin artırılması istiqamətində aparılan islahatlar dövlətin uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir.
Bu gün Azərbaycanda media sahəsində həyata keçirilən yeniliklər informasiya mühitinin sağlamlaşdırılmasına, peşəkar jurnalistikanın inkişafına və milli maraqların daha effektiv müdafiəsinə xidmət edir. Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra media sahəsində islahatların başlanması da məhz dövlətin gələcəyə hesablanmış strateji baxışının və bu sahəyə verdiyi yüksək önəmin göstəricisidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB