Səbinə Əliyeva: Azərbaycanın Ombudsman təsisatı Ulu Öndərin təşəbbüsü ilə yaradılıb - FOTO

Ombudsman Aparatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.

Bu barədə SİA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Hökumət evində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini əbədiləşdirmək üçün ucaldılmış büstü ziyarət edib, önünə əklil qoyublar.

Ombudsman çıxış edərək, müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdaraq ölkəmizdəki gərgin siyasi-ictimai vəziyyəti aradan qaldırdığını, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun əsasını qoyduğunu bildirib.

Müvəkkil Ulu Öndərin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaradılması və inkişafında, o cümlədən vətəndaşlarımızın hüquq və azadlıqlarının təmini və müdafiəsi də daxil olmaqla, bütün sahələrdə görülən işlərdən, mötəbər tribunalardan Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırması istiqamətində atdığı addımlardan danışıb. Bildirib ki, məhz Azərbaycanın Ombudsman təsisatı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb.

Sonra Ombudsman Aparatının əməkdaşı Araz Əsgərli Ulu Öndərin Azərbaycan xalqı qarşısında xilaskar missiyası mövzusunda çıxış edib.

Ombudsman Aparatının əməkdaşları Ulu Öndər Heydər Əliyevin zəngin həyatından bəhs edən fotoşəkillərlə, eləcə də xüsusi stendlə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə