"TDT malik olduğu imkanlar və təbii resurslar baxımından potensialı getdikcə güclənir" - ŞƏRH EDİLDİ

"Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin hökumət başçılarının və vitse-prezidentinin Azərbaycan Prezidenti tərəfindən qəbulunda Prezident İlham Əliyev bir sıra mühüm məsələlər və mesajlar səsləndirdi və bu təşkilatı gələcəyin qlobal aktorlarından biri kimi xarakterizə etdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, 2008-ci ildə Naxçıvanda başlayan bu təşkilatlanmanın bu gün regional siyasətdə nə qədər mühüm əhəmiyyətə malik olduğunu görürük:

"Çünki Türk Dövlətləri Təşkilatı, türk dilli dövlətlərin əməkdaşlıq platforması kimi 2009-cu ildə dörd qardaş ölkə – Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan tərəfindən Naxçıvan Sazişi ilə təsis edilib. 2021-ci ildə təşkilatın “Türk Dövlətləri Təşkilatı” adlandırılması isə məhz Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra yaranan yeni reallıqlar və imkanlarla bağlı idi. Bu, eyni zamanda təşkilat daxilində inteqrasiyanın və əlaqələrin daha da dərinləşdirilməsi perspektivlərini genişləndirdi. Bu gün isə cənab Prezident qeyd etdi ki, mövcud mərhələdə təşkilatın perspektivləri onu gələcəkdə mühüm qlobal aktorlardan birinə çevirə bilər. Artıq görürük ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin sayı artır, müşahidəçi statusunda qoşulan dövlətlərin sayı çoxalır. Eyni zamanda, bu təşkilata maraq göstərən ölkələrin sayı da artmaqdadır. Bir çox dövlətlər ya müşahidəçi, ya da üzv kimi təşkilata qoşulmağa çalışırlar. Bu isə onu göstərir ki, Türk Dövlətləri Təşkilatının həm tarixi və coğrafi əhəmiyyəti, həm də malik olduğu imkanlar və təbii resurslar baxımından potensialı getdikcə güclənir. Ona görə də hesab edirəm ki, Azərbaycan Prezidenti bu görüşdə Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyət istiqamətlərini və beynəlxalq münasibətlər sistemində rolunu müəyyən edən mühüm fikirlər səsləndirmiş oldu".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə